• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı iqtisadi vəziyyətin dayanıqlılığı baxımından vacibdir

LAYİHƏ

07 Oktyabr 2022 | 15:42

Azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı iqtisadi vəziyyətin dayanıqlılığı baxımından vacibdir

6.3.12 azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür.

Hansı yollarla liberal iqtisadiyyatın verdiyi faydadan daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər? Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında toplaşıb. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Məlum olduğu kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib. Eyni zamanda, hər bir sahədə olduğu kimi, iqtisadi sferada da Ümummilli liderin əsasını qoyduğu siyasi kursu davam etdirən Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun inkişafını daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirib.

Vüqar Bayramov: Gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi iqtisadiyyatın liberallaşmasına xüsusi töhfə verir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda azad iqtisadiyyat və liberal iqtisadi sistemin qurulması prioritet məsələlərdəndir: “Nəzərə alsaq ki, bununla bağlı 2022-2026-cı illəri əhatə edən strategiyada xüsusi prinsiplər var. Bir tərəfdən gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi iqtisadiyyatın liberallaşmasına xüsusi töhfə verir. Bu da təbii ki, rəqabətin güclənməsi, azad iqtisadi systemin genişləndirilməsi baxımdan vacib hesab olunur. Digər tərəfdən də liberal iqtisadiyyatın inkişafı özəl sektorların payının artmasında özünü göstərir”.

V.Bayramov bildirib ki, həm ümumi məsələlərin sayında özəl sektorun payının artması, həm də bütövlükdə iqtisadiyyatda özəl müəssisələrin genişlənməsini müşahidə edirik: “Bütün bunlar azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafında xüsusi rol oynayır. Bu baxımdan biz 2018-ci ildən azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafını və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsini müşahidə edirik. Bu, iqtisadi vəziyyətin dayanıqlılığı baxımından vacibdir. Çünki yeni strategiyada inkiluziv inkişaf prioritet məsələlərdəndir”.

Elmir Səfərli: Qeyri-neft sektoru üzrə daxili investisiyaların həcminin artırılması üçün təşviqat proqramları hazırlanmalıdır

İqtisadçı ekspert Elmir Səfərli isə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda iqtisadiyyatın formalaşmasında əsas prioritet sahə neft-qaz sektoru olub: “Bu baxımdan demək olar ki, “Əsrin müqaviləsi”nin imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilmişdi. Statistik rəqəmlərə baxsaq, görərik ki, hətta 2000-2017-ci illər arasında belə birbaşa xarici investisiya həcminin demək olar 85%-dən çoxu neft sektoruna edilmiş investisiyalardır”.

Onun sözlərinə görə, lakin 2010-cu ildən etibarən aparılan islahatların gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı konsepsiyaların tətbiqi, eləcə də, qeyri-neft sektoruna dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi, özəl sektorda, xüsusən də kiçik və orta sahibkarlıqda iqtisadi və hüquqi islahatların aparılması ilə liberal biznes mühitinin formalaşdırılması, sahibkarlara dövlət dəstəyinin artırılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlət-özəl tərəfdaşlığının formalaşdırılması daha ön plana çıxdı.

E.Səfərli qeyd edib ki, bu kontekstdə, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması və eləcə də, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin yaradılması üçün təşviqatın aparılması daha prioritet olmalıdır: “Qarşımıza məqsəd qoyduğumuz azad rəqabət mühitinin hədəf nöqtəsinə hələ çatmamışıq. Bunun üçün ilkin olaraq, növbəti 10 il üçün bir sıra addımların atılması daha məqsədə-uyğun hesab edilə bilər. Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisadi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli, regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, ölkədə sağlam rəqabət mühitinin davamlılığı üçün bir sıra strategiyalar tətbiq olunmalı və əhalinin özəl sahibkarlığa qarşı olan inamı artırılmalı, fəaliyyətinin təmin olunması üçün dövlət səviyyəsində dəstək verilməlidir. İkinci növbədə, ölkə səviyyəsində son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda, hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır. Eyni zamanda, qeyri-neft sektoru üzrə daxili investisiyaların həcminin artırılması üçün təşviqat proqramları hazırlanmalı, paralelində xarici investisiyaların cəlb edilməsi istiqamətində dəstəkverici konsepsiyalar irəli sürülməlidir. Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir. Sahibkarların hüquqlarının qorunması üçün qanunvericilik aktlarında xüsusi dəyişikliklər olmalı və investorlar üçün xüsusi təminat strategiyaları formalaşdırılmalıdır”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR