• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Biz bu qələbəni qazanacaqdıq və qazandıq…

LAYİHƏ

19 Avqust 2022 | 17:41

Biz bu qələbəni qazanacaqdıq və qazandıq…

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

İkinci Qarabağ savaşı bizim milli tariximizdir. Bu gün azərbaycanlılar müzəffər xalq kimi yaşayır. Bu tarixi qələbənin qazanılması birbaşa olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində oldu. Cənab Prezident bu siyasətlə beynəlxalq arenada öz nüfuzunu bir daha sübut etdi.

Elə təkcə müharibə dövründə dövlətimizin başçısı 44 gün ərzində xarici KİV-lərə 30-dan çox müsahibə verdi. Bu, müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün vacib amillərdən biri idi ki, prezident təkbaşına bu işin öhdəsindən gəldi. Nəyin bahasına olursa olsun, biz bu qələbəni qazanacaqdıq və qazandıq.

Prezidentin, xalqın, Ordunun birliyi hesabına Azərbaycan 30 illik həsrətə son qoydu. Torpaqlarımızı geri qaytardıq, "Böyük Qayıdış” başladı. Azad edilmiş ərazilər yenidən qurulmağa başladı, 30 ildir boz torpaq kimi qalan ərazilərdə artıq çiçəklər açmağa başladı. Yeni yolların çəkilməsi, "Ağıllı kənd” layihələri sürətlə davam etdi.

İndi bütün dünya anlayır ki, Qarabağ Azərbaycan torpağıdır və biz bu torpaqları düşmən tapdağından xilas etdik. Artıq qazandığımız tarixi qələbənin ikinci ilidir. Amma Ermənistan bu ağır məğlubiyyətlə hələ də barışa bilmir. Bu səbəbdəndir ki, Qarabağdakı erməni dəstələri ara-sıra təxribatlara da əl atır və bununla Azərbaycanın qazandığı qələbəni həzm edə bilmədiklərini göstərirlər. Amma bu cür təxribatların ermənilərə heç bir müsbət təsiri yoxdur. Əksinə bununla onlar sülh sazişinin tarixini uzadırlar. Anlamaq istəmirlər ki, sülh nə qədər tez olarsa, Ermənistanın da səfalət içərisindən çıxması bir o qədər yaxın olar. Bu təxribatların qarşısının alınması, bölgədə sabitliyin qorunması həm də rus sülhməramlılarının üzərinə düşür ki, təəssüf ki, onlar da öz üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmirlər.

Cavid Osmanov: Ermənilər işğal dövründə ekologiyamıza, mədəniyyət abidələrimizə qarşı misli görünməmiş vandallıqlar törədiblər

Millət vəkili Cavid Osmanov Bakıvaxtı.az-a bildirib ki, ermənilər son iki əsr ərzində insanlıq əleyhinə cinayətlər törədir: “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğala məruz qoyub və xalqımıza qarşı soyqırım törədiblər. Bundan əlavə, ermənilər işğal dövründə ekologiyamıza, mədəniyyət abidələrimizə, kəndlərimizə qarşı misli görünməmiş vandallıqlar törədiblər”.

Deputat qeyd edib ki,  2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azda etdi və Ermənistan diz çöküb yalvararaq kapitulyasiya aktına imza atdı. Beləliklə, üçtərəfli - Azərbaycan, Rusiya və Ermənistan dövlət başçısının imzaları ilə təsdiqlənmiş 10 noyabr 2020-ci il tarixli sənəd imzalandı. Əlbəttə ki, Ermənistan bundan sonrakı mərhələdə də insanlıq əleyhinə əməllər törətməyə başladı.

Cavid Osmanovun sözlərinə görə, ermənilər Vətən müharibəsi dövründə də müharibənin getdiyi ərazilərdən 100 kilometr aralıda yerləşən yaşayış məntəqələrimizə gecə radələrində qadağan edilmiş raketlərlə hücum edirdilər: “Digər tərəfdən, 10 noyabr 2020-ci il tarixli Bəyannamədən sonra da onların bu cinayətləri davam etməkdədir. İşğal dövründə torpaqlarımıza yerləşdirdikləri tank və piyada əleyhinə minalar erməni xalqının Azərbaycan xalqına qarşı törətdikləri terrorların davamı kimi qiymətləndirilir. Bu günə kimi 250-dən çox mina hadisəsi baş verib və qurbanlar yenə Azərbaycan vətəndaşları olub. Eyni zamanda, onlar 2020-ci ilin 10 noyabr tarixli Bəyannaməsinə uyğun olaraq Kəlbəcərdən çıxarkən boşaltdıqları evləri, meşələri yandırdılar”.

Müsahibimiz qeyd edib ki, bu gün də təəssüf ki, dünyanın gözü qarşısında ermənilər öz vandallıqlarını nümayiş etdirirlər. Onlar avqustun 25-nə kimi Laçından çıxmalı olduqları halda, yenə də evləri, meşələri yandırırlar. Çox təəssüf ki, bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Milli Məclisin üzvü təəssüf hissi ilə bildirib ki, dünya ictimaiyyəti erməni cinayətlərinə qarşı köklü addımlar atmır: “Onlara “dur!” demirlər. Azərbaycan güclü və diqqətli dövlətdir. Azərbaycan bu gün dünyanın ən nüfuzlu, hörmətlə yanaşılan ölkələrindən biridir və sürətlə inkişaf edir. Ermənilərin bir daha ərazilərimizdə cinayət törətmələrinə icazə verilməyəcək. Onların bütün cinayətlərinin hüquqi müstəvidə cavabı olacaq. “Dəmir yumruq” öz yerindədir və Ermənistan tərəfi bundan nəticə çıxarmalıdır”.

Elman Nəsirov: Elə etmək lazımdır ki, bütün dünya ictimaiyyəti ermənilərin torpaqlarımızda törətdikləri barbarlığı bilsin

Deputat Elman Nəsirov Bakıvaxtı.az-a isə bildirib ki, Ermənistanı 20 il ərzində hərbi canilər idarə edib: “Onlar torpaqlarımızın işğal dövründə hərbi cinayətlər törədiblər. Onların törətdikləri terrorlar bəşəriyyət əleyhinə cinayətlərdir. Ermənistanda siyasi hakimiyyət dəyişəs belə, bir çox hallarda onun mahiyyəti dəyişməyib. Biz bunu 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə də gördük”.

Onun sözlərinə görə, bundan əlavə, Kəlbəcərin, Laçının, Ağdamın işağldan azad edilməsindən sonra torpaqlarımızda törədilən vəhşilikləri gördükdə bir daha anladıq ki, onlar hələ də barbarlıq hərəkətlərinə sadiqdirlər: “Kəlbəcərin adını xüsusilə vurğulamaq istəyirəm. Çünki orda qanunsuz yaşayan ermənilər bizdən xahiş etdilər ki, oranı tərk etmələri üçün on gün müddət verilsin. Azərbaycan humanizm göstərib on gün möhləti verməyinə baxmayaraq, ermənilər köç edərkən hər şeyi yandırıb getdilər. Onlar bu hərəkətlə həm də onu sübut etdilər ki, bu torpaqlar onların deyil”.

E.Nəsirov qeyd edib ki, indi də yenə oxşar vəziyyətlə üz-üzəyik: “Ermənilər Laçından çıxarkən evləri, meşələri yandırır. Onlar əsl simasızlıqlarını, vəhşi qəbiləyə məxsus hərəkətlərini davam etdirirlər. Ermənistanın törətdiyi bütün cinayətkarlıqların dünya ictimaiyyətinə çatıdırlması çox aktual məsələdir. Bu istiqamətdə dövlətimiz çox ciddi addımlar atır. Beynəlxalq təşkilatların nümayəndələri Qarabağa səfər edərkən öz gözləri ilə ərazilərimizdə törədilmiş vəhşiliklərin şahidi olurlar”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə də misilsiz fəaliyyət göstərib: “O, bütün beynəlxalq kürsülərdə erməni barbarlığını ifşa edir, müsəlman dünyasının liderlərinə müraciət edib və bildirib ki, ermənilər məscidlərimizi yerlə-yeksan ediblər. Ermənilər bizim 67 məscidimizin 65-ni tamamilə məhv ediblər. Onlardan ikisi isə yarı dağılmış vəziyyətdədir. Ermənilər bizim inanc yerimiz olan məscidlərimizdə donuz saxlayaraq İslamı təhqir ediblər. Elə etmək lazımdır ki, bütün dünya ictimaiyyəti bu barbarlığı bilsin”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR