Azərbaycanda bank kartları ilə bağlı yeni qadağa gündəmə gəlib. Qeyd olunur ki, bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmayacaq. Belə ki, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra eyni valyutada ikinci kartı sifariş edə bilməyəcək.

Mahir Zeynalov, iqtisadçı ekspert
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Mahir Zeynalov bildirib ki, kart sayının məhdudlaşdırılması banklar üçün həm xərc, həm də gəlir baxımından fərqli nəticələr yarada bilər:
"Bu qərarın banklar üçün həm müsbət, həm də müəyyən mənfi iqtisadi nəticələri ola bilər. İlk növbədə, bankların belə bir məhdudiyyət tətbiq etməsinin əsas iqtisadi səbəblərindən biri eyni müştərinin istifadə etmədiyi və ya az istifadə etdiyi bir neçə kartın saxlanması ilə bağlı xərclərin optimallaşdırılması ola bilər. Hər bir kart bank üçün yalnız gəlir mənbəyi deyil, eyni zamanda müəyyən inzibati, texniki, prosessinq, təhlükəsizlik və xidmət xərcləri yaradan məhsuldur. Müştərinin eyni valyutada bir neçə kartının olması, xüsusilə həmin kartların bir hissəsinin passiv qalması bank baxımından əlavə resursların istifadəsinə səbəb olur”.
Ekspertin sözlərinə görə, kart sayının məhdudlaşdırılması bankların əməliyyat xərclərinin müəyyən qədər optimallaşdırılmasına imkan verə bilər:
“Banklar baxımından burada əsas məsələ kartların sayından daha çox onların aktivliyidir. Bir müştərinin üç və ya dörd kartının olması avtomatik olaraq bank üçün daha yüksək gəlir demək deyil. Əgər həmin kartların bir qismi istifadə olunmursa, onların saxlanılması müəyyən xərc yaradır. Buna görə banklar daha çox aktiv istifadə olunan kartlara və məhsullara fokuslanmaqla resurslardan daha səmərəli istifadə etməyə çalışa bilərlər”.
M.Zeynalov qeyd edib ki, digər tərəfdən, kartların məhdudlaşdırılması bankların bəzi gəlir imkanlarına da təsir göstərə bilər:
“Bank kartı həm də müştəri ilə bank arasında əsas əlaqə vasitələrindən biridir. Kart vasitəsilə həyata keçirilən ödənişlər, digər bank məhsullarına keçid, loyallıq proqramları və müxtəlif xidmətlər bank üçün iqtisadi dəyər yaradır. Buna görə kartların sayının azalması yalnız xərclərin azalması ilə nəticələnməyə bilər. Əgər müştəri ikinci və ya üçüncü kartını başqa bankdan əldə edərsə, bu halda kart tələbi ümumilikdə yox olmur, sadəcə banklar arasında bölüşdürülür”.
Ekspert qərarın vətəndaşlar üçün mümkün nəticələrinə də diqqət çəkib:
“Vətəndaş baxımından bu məhdudiyyətin həm rahatlıq, həm də məhdudiyyət yaradan tərəfləri var. Bir tərəfdən, istifadə olunmayan kartların sayının azalması şəxsin maliyyə alətlərinin idarə edilməsini sadələşdirə bilər. Digər tərəfdən, bəzi vətəndaşlar müxtəlif məqsədlər üçün eyni valyutada bir neçə kartdan istifadə edirlər. Məsələn, biri gündəlik ödənişlər, digəri onlayn alış-veriş, digəri isə ehtiyat məqsədi daşıya bilər. Belə müştərilər üçün seçim imkanlarının azalması müəyyən narahatlıq yarada bilər”.
İqtisadçı düşünür ki, məsələyə banklararası rəqabət baxımından da yanaşmaq lazımdır:
“Əgər məhdudiyyət yalnız ayrı-ayrı banklar tərəfindən tətbiq edilirsə, müştərinin alternativ seçim imkanı qalır. Müştəri ehtiyacına uyğun olaraq başqa bankın xidmətindən istifadə edə bilər. Bu isə bankları yalnız kart sayına deyil, xidmət keyfiyyətinə, tariflərə, rəqəmsal imkanlara, keşbek və digər üstünlüklərə görə rəqabət aparmağa sövq edə bilər”.
Ekspertin fikrincə, məhdudiyyətin ümumi bazara təsirini qiymətləndirmək üçün müəyyən müddət ərzində müştərilərin davranışını, aktiv kartların sayını, kart əməliyyatlarının həcmini və bankların xidmət xərclərini müşahidə etmək lazımdır.
“Burada əsas göstərici kartların nominal sayı deyil, onların real istifadəsidir. Əgər kartların sayının azalması ilə yanaşı aktiv kartların və nağdsız ödənişlərin həcmi qorunursa və ya artırsa, bu, bank sektorunda resursların daha səmərəli istifadəsinə gətirib çıxara bilər. Əksinə, əgər müştərilər müəyyən xidmətlərdən imtina etməyə və ya alternativ maliyyə alətlərinə keçməyə başlayarsa, məhdudiyyətin bazara təsiri fərqli ola bilər”.

Əkrəm Həsənov, bank üzrə ekspert
Bank üzrə ekspert Əkrəm Həsənov isə mövzu ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda son illər bank kartları və valyuta əməliyyatları ilə bağlı müxtəlif məhdudiyyətlərin tətbiqi qeyri-adi vəziyyət yaradıb:
"Bu qaydanı kimin gətirdiyi hələ də məlum deyil. Ümumiyyətlə, son illərdə bizdə qeyri-adi, qəribə bir vəziyyət yaranıb. Bu, bir neçə il əvvəl bir nəfərin bir il ərzində alacağı xarici valyutanın məbləğinə 20 min limit qoyulması ilə başladı. Soruşanda ki, bu limiti kim qoyub, heç bir dövlət orqanı məsuliyyəti üzərinə götürmədi. Sonra dedilər ki, bunu banklar edib. Bir neçə il əvvəl kartdan-karta köçürmələrə də limit qoyuldu. Bunu da heç bir dövlət orqanı üzərinə götürmədi, yenə dedilər ki, banklar edib. İndi də yəqin ki, bu dəfə deyəcəklər, bunu da banklar edib.Təbii ki, heç bir normal iqtisadi sistemdə kommersiya strukturları, o cümlədən banklar özlərinə belə məhdudiyyətlər qoymazlar. Əksinə, onlar daha çox məhsul və xidmət satmaq, daha çox pul qazanmaq istəyirlər. Niyə özlərinə məhdudiyyət qoysunlar? Aydındır ki, qeyri-rəsmi şəkildə bankları buna məcbur edirlər. Bu da onu göstərir ki, Azərbaycanda normal bazar iqtisadiyyatı və qanunçuluq yoxdur. Belə qərarları dövlət qəbul etməlidir, qanun şəklində rəsmiləşdirməlidir. Hamı bilməlidir ki, qayda nədir, necə tətbiq olunacaq. Məsələn, sual yaranır ki, indiyə qədər bir neçə kartı olan şəxslərin aqibəti necə olacaq? Belə məsələlər qanunla tənzimlənməlidir. Qərarın bundan sonrakı dövrə aid olub-olmaması da aydın şəkildə göstərilməlidir".
Ekspert hesab edir ki, qərarın əsas səbəbi dövlət orqanlarında qərarların icrasına nəzarətin asanlaşdırılmasıdır:
"Təbii ki, bu, banklara da ziyandır, çünki daha az qazanırlar. Vətəndaşa da ziyandır. Bəzi vətəndaşlar ən azı iki kartdan istifadə edir. Bunun səbəblərindən biri vəsaitin oğurlanmasının qarşısını almaqdır. Məsələn, mənim bir kartımda əsas vəsaitim olur. Amma həmin kartla internetdə, portallarda və mağazalarda ödəniş etmirəm ki, kart məlumatlarım müxtəlif yerlərdə görünməsin.Eyni bankda başqa kartım da var. Lazım olduqda əsas kartımdan həmin karta internet bankçılıq vasitəsilə vəsait köçürürəm və yalnız ödənişlər üçün istifadə edirəm. Beləliklə, oğrular və dələduzlar həmin kartın məlumatlarını əldə etsələr belə, orada böyük məbləğdə pul saxlamıram. Lazım olduqda vəsait köçürür, ödənişi edirəm. İndi vətəndaşlar bundan istifadə edə bilməyəcək. Halbuki bu, vətəndaşın öz vəsaitini idarə etmək üçün seçdiyi üsuldur. Niyə vətəndaş bundan məhrum edilməlidir?”, - deyə o fikrini yekunlaşdırıb.
Günəş Mərd
















