• Bakı 18° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Məktəbli formaları kimlərə pulsuz veriləcək?

CƏMİYYƏT

16 Avqust 2022 | 09:41

Məktəbli formaları kimlərə pulsuz veriləcək?

Yeni dərs ilinin başlanmasına bir ay qalır. Artıq valideynlər məktəbə gedəcək övladları üçün məktəb bazarlığına başlayıblar. Təbii ki, bu bazarlıqda məktəbli formasının öz yeri var.

Bakıvaxtı.az xatırladır ki, bu il yeni məktəbli formalarının satışı həyata keçiriləcək. Qeyd edək ki, Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir: Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək; Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar; Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket; Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

"Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlərin yekunlaşmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, məktəbli formaları avqustun 17-dən satışa çıxarılacaq.

"Formalar hazırlandıqdan sonra anbarlara yığılır. Hazırda yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb. Tikilən geyimlərin sayı hələ ki, məlum deyil”.

Qiymətlərə gəlincə isə, onun sözlərinə görə, uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunacaq:

"Ümumi qiymət 39 manat olacaq. Qiymətin belə olması materialın yundan hazırlanmasından qaynaqlanır. Yunun bir metri bizə 10 dollara başa gəlir. Jaketlərə gəlincə, onları biz tikmirik. Bu səbəbdən qiymətlərdən hələ xəbərimiz yoxdur” (modern.az).

Təhsil eksperti Elvin Bədirli Bakıvaxtı.az-a bildirib ki, builki formalar çox yaxşıdır: “Düzü, bu il formalarla bağlı tətbiq edilən yeniliklər xoşuma gəldi. Ümid edirəm, praktiki hissəsi də gözləntiləri qarşılayacaq və bizi məyus etməyəcək. Formalarla bağlı bu günə qədər olan əsas problemlər keyfiyyət və qiymətlərin əlçatanlığı idi. Hazırda bu sahədə monopoliyanın olmaması da qiymətlərin əlçatanlığının olacağını deməyə əsas verir. İlk dövrlərdə qiyməti fərqli və yüksək olsa da bu gün məktəbli formaları valideynlərə adi geyimlərdə məktəbə övladını göndərməkdən daha çox sərf edir”.

Ekspert hesab edir ki, ümumiyyətlə, vahid məktəbli dormasının tətbiq edilməsi məktəb daxilində şagirdlərin zahirən də olsa ayrıseçkiliyinin qarşısını almağa kömək edir. Eyni zamanda, bu, maddi olaraq ailə büdcəsinə faydalı sayıla bilər. E.Bədirli Ekspert qeyd edib ki, bununla bağlı ümumi standartlar olsa da, məcburi standartlar mövcud deyil: “İstənilən məktəb öz daxili qaydaları ilə müəyyən edilən geyimləri tətbiq etməkdə sərbəstdir. Eyni zamanda, hər bir valideyn məktəbdə müəyyən edilən formanı istənilən mağazadan ala və ya eyni görüntünü saxlamaqla sifariş edib tikdirə bilər. Hesab edirəm ki, son ildə verilən mesajlar bu zamana qədər bu məsələ ilə bağlı atılan ən uğurlu addımdır. Düşünürəm ki, formaların orta qiyməti ailələrin büdcəsinə uyğundur. Qalır bircə məktəb rəhbərliyinin məsələləri tənzimləyərkən qüsurlu administrativ mövqe göstərməməsi. Əgər müəyyən direktorlar bu işdən də öz maraqları üçün istifadə edib sifarişçi qismində hər hansı tekstil ilə anlaşaraq öz marağına uyğun qiyməti valideynə və şagirdə tətbiq etməsi əlavə narazılıq yaratmış olar. Bu hal baş verərsə, mütləq valideynlər aidiyyəti quruma məlumat verməli və öz hüquqlarını qorumalıdır”.

Müsahibimiz əgörə, şəhid , əlil və aztəminatlı ailələr Azərbaycan Valideyn-Müəllim Assosiasiyasına məktubla müraciət edərsə , “Bakı Tikiş Evi”ndən formaları ödənişsiz ala biləcək. “Bunun üçün isə ailənin güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənədin olması kifayət edəcək”.

 

Aytac Aslan


SON XƏBƏRLƏR