Kino Agentliyinə bu il dövlət büdcəsindən ayrılan vəsaitin yalnız 41 %-i istifadə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov agentliyə əlavə vəsaitin ayrılması təklifi şərh edərkən Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
"Film istehsalı və kinoya ayrılan vəsait ilə bağlı məsələlərə toxunuldu. Bu il Kino Agentliyinə 8,5 milyon manat həcmində vəsait ayrılıb və noyabrın 12-nə olan vəziyyətə görə həmin vəsaitdən cəmi 41 % və ya 3,5 milyon manat istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. Nəzərə alsaq ki, ilin əvvəlinə agentliyin 11,5 milyon manat istifadə olunmamış vəsaiti mövcud idi və növbəti il üçün əlavə 12 milyon manat nəzərdə tutulub, hazırkı vəsaitlərin gələcək xərcləri üçün kifayət edəcəyi gözlənilir", - H. Məmişov qeyd edib.
Nazir müavini əlavə edib ki, kino sahəsində müxtəlif vergi güzəştləri tətbiq olunur: film istehsalı və dublyaj gəlirləri 90 % mənfəət vergisindən azaddır, kino sahəsində torpaq və əmlak vergisi cari ildən etibarən 5 il müddətinə azad olunur, müəllif hüquqlarına görə royalti vergisindən güzəşt tətbiq edilir, film nümayişi üçün kəşbek mexanizmi mövcuddur.
O vurğulayıb ki, dövlət kino sahəsini dəstəkləmək üçün kifayət qədər mexanizmlər tətbiq edir və bu sahəyə investisiyaların cəlb olunmasına şərait yaradır.
Bakı 



