• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"QHT-lərin ən yaxşı layihələrinin Şuşa ilə bağlı olacağına ümid edirik"

LAYİHƏ

09 Aprel 2022 | 12:42

QHT-lərin ən yaxşı layihələrinin Şuşa ilə bağlı olacağına ümid edirik

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Şuşa şəhərində ilk dəfə olaraq Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa İli"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir.

İclasda müsabiqə mövzuları ətrafında aparılan müzakirələr və qəbul edilən qərarlarla bağlı Bakıvaxtı.az-a açıqlama verən Müşahidə Şurasının üzvü İlqar Orucov bildirib ki, tədbirdə "Şuşa İli"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikir mübadiləsi aparılıb.

O qeyd edib ki, bu tədbirinin Şuşada baş tutması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbənin nəticələrindən biridir.

“Tikinti, yenidənqurma və bərpa işləri ilə yerində tanış olduq. Eyni zamanda, Şuşada tarixi məkanları ziyarət etdik. Cıdır düzündə olduq. “Qarabağ” hotelində Müşahidə Şurasının iclasını təşkil etdik.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin iştirak etdiyi tədbirdə bu şəhərdə görülən işlərdə vətəndaş cəmiyyətinin iştirakının mümkünlüyü müzakirə olundu. Şuşa şəhərinin dirçəlməsində vətəndaş cəmiyyəti olaraq QHT-lərin də kiçik payı olacaq”, -deyə İ.Orucov bildirib.

Müşahidə Şurasının üzvü deyib ki, qeyri-hökumət təşkilatlarının (QHT) hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyi gözlənilir: “Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilib və bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşa şəhərinin tarixi əhəmiyyəti barədə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müxtəlif tədbirlərin həyata kçeirilməsi barədə qəbul edilib. “Şuşa ili” ilə bağlı qrant müsabiqəsi elan edilib. Həmçinin elan edilmiş qrant müsabiqələrin müzakirəsi Şuşada həyata keçirildi və qrant müsabiqəsinin mövzusu müəyyənləşdi.

2022-ci il üçün elan ediləcək qrant müsabiqəsi üçün də mövzu istiqamətlərini müəyyənləşdirdik və təsdiq etdik. Qərara görə, bu ilin qrant müsabiqəsi aprel ayında elan ediləcək. Ölkəmiz üçün çox vacib əhəmiyyət daşıyan məsələləri QHT-lərə təqdim edəcəyik”.

İ.Orucov bildirib ki, Şuşa beynəlxalq tədbirlərin keçiriləcəyi məkan olacaq: “Ermənistanın 30 illik işğalçılıq siyasəti nəticəsində Şuşanın tarixi görkəmi və gözəlliyi məhv edilib, tarixi abidələr dağıdılıb. Quruculuq işlərindən sonra Şuşa öz gözəlliyini bərpa edəcək.

Şuşada siyasi tədbirlərin keçiriləcəyi gözləniləndir. Tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəricilərindən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsi imkanı yaranacaq. Agentlik tərəfindən elan edilən qrant müsabiqəsinə təqdim edilən layihələrin Şuşada həyata keçirilməsi planlaşdırılır.

Hesab edirəm ki, 30 illik işğal ərzində Şuşaya dəymiş ziyanın miqyasının beynəlxalq auditoriyalara çatıdırılması istiqamətində faydalı layihələr olacaq. Şuşaya qayıdacaq ilk sakinlərlə işin qurulması məsələsi müsabiqənin istiqamətlərində öz əksini tapıbdır. 2022-ci ilin sonu və 2023-ci ilin əvvəlində azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar. Onların məşğullunun təmin olunması istiqamətində də müəyyən layihələr olacaq.

Vətəndaş cəmiyyəti nümayəndələrinin 30 illik işğal ərzində Şuşa ilə bağlı hansı təşəbbüsləri olubsa, indi həmin təşəbbüslərin reallaşması üçün şərait və imkanlar var. Müsabiqədə həmin mövzular dəstəklənəcək. Şuşa ilə bağlı təklif olunacaq layihələr üçün ayrılan büdcə də böyükdür.

Agentlik tərəfindən elan ediləb müsabiqəyə təqdim ediləcək ən yaxşı layihələr dəstəklənəcək. Şuşa bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ən yaxşı təşkilatların ən yaxşı layihələrini Şuşa ilə bağlı olacağına ümid edirik. Mədəni, elmi tədbirlər, gənclər üçün düşərgələrin təşkili planlaşdırılır. Bu kimi tədbirlərin "Şuşa ili"ndə həyata keçirilməsi simvolik məna daşıyır.

Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi dövlət başçısının fəaliyyətinin prioritetlərindən biridir. Odur ki bunun üçün şərait, imkanlar və mühit var. Vətəndaş cəmiyyətləri sosial sifarişləri həyata keçirəcək və onlar dövlət qurumlarının fəaliyyətinə nəzarət edəcəklər”.

Qeyd edək ki, bu ilin aprelin 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” ilə bağlı qrant müsabiqəsinin elan etdi.

Agentliyin elan etdiyi müsabiqənin mövzuları “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması”,  “Şuşanın tarixi və mədəni irsinin tədqiqi”, “Şuşanın virtual məkanda təbliği”, “Xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş tədbirlərin təşkili”, “Şuşa İli” çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli elmi, mədəni-kütləvi tədbirlərin təşkili”, “Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri (məşğulluğun təmin edilməsinə dəstək, peşə, təlim kurslarının təşkili, turizm bələdçilərinin hazırlanması və s.)”, “Şuşada quruculuq işləri ilə bağlı dövlət-özəl və QHT əməkdaşlığının təşviqi”, “Şuşada yay məktəblərinin və düşərgələrin təşkili” ilə bağlıdır.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


SON XƏBƏRLƏR