Şəmkirçay su anbarında su ehtiyatlarının daxili mənbələr hesabına formalaşması Azərbaycanın su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, 2014-cü ildə istifadəyə verilən Şəmkirçay su anbarının ümumi tutumu 164 milyon kubmetrdir. Su anbarı 714 400 hektar kənd təsərrüfatı ərazisinin suvarılmasını təmin etməklə yanaşı, ölkənin qərb bölgəsində yaşayan əhalinin içməli su ilə təminatında da mühüm rol oynayır.
Su anbarının yaxınlığında məhsuldarlığı saniyədə 1,6 kubmetr olan Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi fəaliyyət göstərir. Kompleks 2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Kompleksin əsas hissəsini süzgəclər binası, ümumi tutumu 7 500 kubmetr olan üç su anbarı, iki idarəetmə və altı siyirtmə kamerası, həmçinin inzibati və yardımçı binalar təşkil edir.
Layihəyə əsasən, qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı vasitəsilə həyata keçirilir. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün xüsusi sugötürücü qurğu inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə və qurğuya ötürülən suyun həcmini ölçmək üçün sərfölçən quraşdırılıb.
Daşıyıcı xətlərlə kompleksə gətirilən su ilk olaraq zərərsizləşdirilir və daha sonra süzgəclər binasının paylama kamerasına daxil olur. Suyun təmizlənməsi və süzülməsi üçün 14 bölmədən ibarət 7 süzgəc bloku fəaliyyət göstərir.
Kompleksin rəisi Namiq Məmmədov bildirib ki, burada emal olunan su layihə üzrə quraşdırılmış 7 qum süzgəcindən keçirilir.
Onun sözlərinə görə, hər bir süzgəcin süzmə qabiliyyəti saatda 800 kubmetr, kompleksin ümumi gücü isə saatda 5 600 kubmetr təşkil edir.
“Qum süzgəcinin daxili kvars qumundan və müxtəlif fraksiyalardan ibarətdir. Emal olunan su qum süzgəcindən və təkrar zərərsizləşmədən keçərək anbarlara toplanır və tələbatçılara verilir. Süzgəclərdə 72 saatdan bir geriyuma prosesi aparılır. Proses SCADA sistemi vasitəsilə avtomatik idarə olunur”, – deyə Namiq Məmmədov qeyd edib.
Kompleksdə suyun təhlükəsizliyinin təmin olunması məqsədilə zərərsizləşdirmə məntəqəsi də yaradılıb. Burada 4 dozalama avadanlığı, 3 nasos və analizator quraşdırılıb.
Mütəxəssislər tərəfindən suyun bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperaturu və elektrik keçiriciliyi mütəmadi olaraq müəyyənləşdirilir.
Namiq Məmmədov SCADA sistemi barədə də məlumat verərək bildirib ki, sistem vasitəsilə geriyuma prosesinə, suyun texniki parametrlərinə və kompleksin enerji sisteminə nəzarət olunur.
“Enerji sistemi də avtomatik sistemdir”, – deyə kompleksin rəisi vurğulayıb.
Emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər müəyyən edilmiş reqlamentə uyğun şəkildə yuyulur. Bu məqsədlə qurğuda 3-ü işlək, 1-i ehtiyat olmaqla məhsuldarlığı saatda 1 500 kubmetr olan su nasosları quraşdırılıb. Bundan başqa, ümumi gücü saatda 6 600 kubmetr olan 2 kompressor fəaliyyət göstərir.
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksində emal olunan içməli suyun Gəncə şəhərinə nəqli üçün 27,5 kilometr uzunluğunda magistral su kəməri çəkilib və şəhərdəki anbar kompleksinə qoşulub.
Samux şəhərinin içməli su ilə təmin edilməsi məqsədilə Gəncə su anbarından şəhərə qədər 10 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Həmin kəmərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatının yaxşılaşdırılması üçün çıxışlar verilib.
Bundan əlavə, Şəmkir şəhərinə qədər 17,5 kilometr uzunluğunda magistral su kəməri çəkilərək şəhər şəbəkəsinə birləşdirilib.
Beləliklə, Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksindən Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli suyun verilməsi təmin olunur.




















