• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ali  təhsilin problemləri sistemi araşdırılmalıdır - Dos. İlham Əhmədov yazır
YAZARLAR
12 Yanvar 2022 | 10:01

Ali  təhsilin problemləri sistemi araşdırılmalıdır - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Təhsil naziri Emin Əmrullayev  keçən ilin sonunda verdiyi müsahibələrdən birində qeyd edirdi ki, düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar.

Doğru yanaşmadır. Belə  sualların bir qismini  biz keçən ilin 23 dekabr tarixində  FB profilimdə gündəmə gətirmişdik. Həmin sualların bəzilərinə cavabları sonralar rəsmilərin müsahibələrində oxuduq.

Bu gün ali təhsillə əlaqədar sual ünvanlayırıq:  Təhsildə olan sonsuz sayda problemlərin mövcudluğunu hamı, o cümlədən TN də etiraf edir. Bu problemlərin böyük hissəsi ali təhsillə əlaqədardır. Amma mətbuatda, TV-də əsasən məktəb problemləri müzakirə edilir. Ekspertlər də müzakirələri məktəb təhsili ətrafında aparırlar. Ölkədə ali təhsil problemlərini davamlı olaraq peşəkar səviyyədə tədqiq edən alimlərimiz çox azdır.

Bu sahədə fəaliyyət göstərən elmi tədqiqat institutu və ya elmi mərkəzlər də yoxdur. 10 il əvvəl təsis edilən "Ali təhsil və Cəmiyyət" adlı çox lazımlı bir jurnal heç bir əsas olmadan 2013-cü ilin ortalarında nazirlik tərəfindən bağlandı. Bu ali təhsil sahəsində başlanan "islahatların" ilk addımı idi.

Biz çoxsaylı məqalələrimizdə bu jurnalın nəşrinin bərpa edilməsini, ali təhsilin problemlərini tədqiq edən ayrıca bir tədqiqat institutunun yaradılmasını, ayrı-ayrı universitetlərdə ali təhsilin istiqamətləri üzrə problem laboratoriyaların yaradılması məsələlərini təklif etmişdik. Təəssüf ki, elm və təhsildən uzaq olan komanda bu təkliflərin əhəmiyyətini düzgün qiymətləndirə bilmədi...

Belə bir şəraitdə UNEC öz təşəbbüsü ilə daxili məhdud imkanları ilə elmi-metodik problemləri araşdırmağa başlayıb. Xeyirli olsun. Belə ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb: “UNEC  universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud olan sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.  …  universitetlərin ali idarəemə orqanı Elmi şura olaraq qalmaqdadır. Elmi şura eyni vaxtda həm Ali Akademik İdarəetmə, həm də Ali İnzibati İdarəetmə orqanı kimi səlahiyyətlərə malikdir. Eyni fikir universitet rektorlarına da aiddir”.

Bu səpkili tədqiqatların aparılması  məqsədəuyğundur. Ali  təhsilin  problemləri sistemi araşdırılmalıdır.   Lakin tək əldən səs çıxmaz. Çünki, problemlər o qədər çox, onların həllinə cəlb edilən resurslar o qədər azdır ki, gözlənilən nəticələrin alınması ASAN olmayacaq. Müqayisə üçün qeyd edim ki, Rusiya Federasiyasında universitetlərin nəzdində (belə universitetlərin sayı 100-dən çoxdur) bu səpkili bir neçə tədqiqat institutu (5-15 sayda), orta səviyyəli universitetlərdə isə nisbətən az (3-7) sayda tədqiqat institutları var, onlar 20- 25 ildir ki, fəaliyyət göstərirlər, onlarca jurnallar dərc edilir. Bəs biz hansı elmi-metodik baza ilə universitetlərin qlobal rəqabətinə qoşulmaq istəyirik?


SON XƏBƏRLƏR