"Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən. Belə bir atalar sözü var. Sən onu efirə çıxarırsan. Kim də başa düşməsə, 53 ildir sənətdəyəm, biz bilirik ki, sən onu necə ələ salırsan. Bunu reytinq xətrinə edirsən. O insanlar necə niskinləşiblər ki, onlar üçün heç bir müqəddəs hiss yoxdur. Körpə uşaqdan tutmuş yaşlı, əlil adama qədər efirə çıxarırlar. Aparıcının efirə çıxardığı həmin adama qeyri-ixtayari gülürlər. Amma aparıcı insanların beyninə yeridir ki, həmin şəxsə gün ağlayıb, "adam" edəcək. Ona necə gün ağlaya bilərsən ki, o hələ gün işığı görməyib".
Bakıvaxtı.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Müsavat"a verdiyi müsahibəsində deyib. Sənətçi aparıcıları, efirdə müzakirə olunan ailə-məişət mövzularını qınayıb:
"Bu cəmiyyətlə mübarizə aparmaqdan qorxmuram. Mübarizə üsulum da dilimdir. Kimsə də deməsin ki, öz işinlə məşğul ol. Mənim işim vətənim, xalqımdır. Özüm üçün nəsə istəmirəm. Mən balalarım, nəvələrim, gələcəyimiz üçün danışıram. Yaxşı deyək ki, mən keçmiş fikirli adamam. Bəs, sən kimsən? Bunlar heç kimin acığına gəlməsin. Bunlara cavab tapmaq istəyirəm.
Bəzi müğənniləri efirə buraxanlara da lənət olsun. O vaxt da bu, var idi. Amma onlar yaxalarından şüar asmırdılar. Onların mədəniyyəti, tərbiyəsi, qabilliyəti olub, kimin yanında necə danışmağı biliblər. Amma indi ağızlarına gələni danışırlar. Gəlirlər, nələri var danışırlar. Qadın danışır, kişi ağlayır ki, gəl, gedək evimizə. Ay bala, iki həftədir bu adam evdə yoxdur. 5 uşağı da qoyub gedib, haraya gəlsin?
Bu cür verilişlərə görə, kanal rəhbərinə zəng vurmuşam ki, vallah ayıbdır. O da deyib ki, "Afaq xanım, bilirsiniz, necə reytinq gətirir?". Deməli, hər şeyi pula satacağıq? Namusu, qeyrəti, mentaliteti, qadınlığımızı, kişiliyimizi də?".