• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Dözümün dəyəri - Əkbər Qoşalı yazır
YAZARLAR
18 Mart 2022 | 20:31

Dözümün dəyəri - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

1993-cü ildə Azərbaycan Respublikası ərazilərinin işğalına son verilməsi, erməni silahlı qüvvələrinin işğalı dərhal dayandırması ilə əlaqədar olaraq BMT-nin 822, 853, 874, 884 saylı qətnamələr qəbul etdiyini yaxşı xatırlayırıq. Qətnamələrin birincisi qəbul ediləndə Azərbaycanın BMT-yə üzv olmasının birinci ildönümü yenicə tamam olmuşdu. Və dünya birliyinin ədalətinə ümid edən Azərbaycan Respublikası uzun illər dözdükdən sonra, nəhayət özü o, qətnamələrin icrasını təkbaşına yerinə yetirdi: Ləyaqətlə, təmkinlə, hərbi-siyasi yolla.

BMT qətnamələrinin qəbulunun 27-ci ildönümündə BMT-nin edə bilmədiyini təkbaşına yerinə yetirən ölkəmizin uzun illər içindəki dözümünün dəyəri də artmış oldu. Hamı gördü ki, güclü ola-ola dözmüşük, məsələnin sülh yolu ilə çözümünə çağırışlarına sadiq olmuşuq. Güclü olduğumuza inanmayanlar, 27-30 illik işğala 44 gün kimi qısa müddət içində döyüş meydanında və yüksək səviyyədə son qoyan dövlətin, xalqın qədrini bilməlidir.

"Döyüş meydanında" sözünü təsadüfən işlətmirik - biz Azərbaycanıq və mülki infrastrukturu, dinc əhalini hədəf almırıq, soyqırım törətmirik, ev yıxmırıq, qəbir dağıtmırıq. Biz Azərbaycanıq: savaşda savaş, barışda barış ləyaqəti, mənəviyyatı göstərən Azərbaycan! Budur, Azərbaycanın BMT- yə üzv olmasının 30 illiyi ilə bağlı Şuşada tədbir keçirilir! Tanrımıza, dövlətimizə min şükür! Bu, gerçək hadisədir, bu, rəmzi hadisədir, bu, hadisə kimi hadisədir!

Təsəvvür edin, ötən il bəzi səfirliklər Şuşaya diplomatik turda iştirak etməmiş, hələ bir bunu əsaslandırmağa da qalxınmışdı... Təbii, dünyanın bu qarışıq vaxtında, Rusiya-Ukrayna savaşı fonunda, dünyada barış arayışları artmalıdır. Azərbaycanın 2020-ci ildəki tarixi Zəfəri necə bir uhulət və suhulətlə qazandığı indi daha aydın idrak olunub, haqq etdiyi qiyməti almalıdır. Biz çoxsaylı təhdidləri dəf edərək Zəfər qazanmışıq. Zəfəri vandallar üzərində qazanmışıq. Qazanılan Zəfər yalnız Azərbaycana deyil, bəşəriyyətə xidmət edir. Nə təvafüqkükdürnki, bu gün də Ukraynaya humanitar yardımlar edən Azərbaycandır, Ermənistan deyil. Ermənistanın açıq-gizli şəkildə harada olduğunu bilmək o qədər də çətin deyil. Hər nə qədər iki kresloda eyni vaxtda oturmaq istəsə də, Ermənistan forpostdur ki, forpostdur...

Azərbaycanın Mədəniyyət Paytaxtında keçirilən bu yubiley tədbiri dünyanın diqqətini həqiqətlərimizə kökləyəcək. Heç kəsə sirr deyil ki, ermənilər Azərbaycanın ərazi bütövlüyü məsələsini uzun illər boyu öz ağıllarınca mübahisələndirməyə çalışırdı. Şuşada BMT nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir bir daha göstərir ki, dünyanın ən ali qurumu olan BMT-nin (deməli, dünya birliyinin) bu məsələdə fikri birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü mübahisələndirilə bilməz!

Üstəlik, BMT-dən sonra ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycan Respublikasındadır. Hərəkat Azərbaycanın haqlı işinə siyasi, mənəvi dəstəyini müvafiq sənədlərlə ifadə edib. Habelə, bölgənin güclü dövləti qardaş Türkiyə ilə məhz Şuşada ötən il imzalanmış və bu il Milli Məclisdə təsdiq edilmiş Bəyannamə ilə rəsmən strateji müttəfiqik. Strateji müttəfiqimizlə birgə "3+3" bölgə işbirliyi platforması ideyası ilə də çıxış etmişik. Nəhayət, qalib ölkə olaraq, Ermənistanla sülh müqaviləsi üçün də beynəlxalq hüquq normalarına, bəşəri ədalət prinsiplərinə uyğun təkliflərlə çıxış edirik.

Bax, belə bir ortamda Şuşada BMT rəsmilərinin iştirakı ilə tədbir keçirilməsi ümumiləşdirici, dəyərli bir tədbirdir. Ermənistan hərbi-siyasi rəhbərliyi aydın ismarıclardan özü üçün operativ nəticə çıxarmalıdır. Daha "erməni budaq cümləsi"nə, "sürününən əvəzçıxma aktları"na - filana yoxdur.

Dövlətimiz zaval görməsin!

Şuşada qalanan bayram tonqalları gur yansın!


SON XƏBƏRLƏR

22 Aprel 2024