Dondurucu kamera tərəvəz, meyvə və yeməkləri əvvəlcədən hazırlayıb saxlamaq və əlavə pul xərcləməmək üçün əla vasitədir. Amma bu rahat funksiyanı yanlış istifadə etdikdə, gözlənilən nəticəni verməyə bilər.
Bakıvaxtı.azz bu 9 yayğın səhvi təqdim edir.
1. İsti yeməyi dərhal dondurucuya qoymayın
Təzə bişmiş isti yeməklərin dondurucuya qoyulması kameranın daxilində temperaturu artırır. Bu da oradakı digər məhsulların qismən əriməsinə və bakteriyaların inkişafı üçün şəraitin yaranmasına səbəb ola bilər. Üstəlik, belə yeməklər qeyri-bərabər donur. Əvvəlcə otaq temperaturuna qədər soyudun və ya bir neçə saatlıq soyuducuya yerləşdirin.
2. Məhsulları otaq temperaturunda əritməyin
Yemək uzun müddət otaq temperaturunda qaldıqda onun səthi tez isinərək bakteriyalar üçün ideal mühit yaradır. Ən təhlükəsiz üsul – soyuducuda və ya soyuq suda (30 dəqiqədən bir suyu dəyişərək) əridilməsidir.
3. Su tərkibi yüksək olan tərəvəzləri dondurmayın
Pomidor, xiyar, balqabaq kimi tərəvəzlər dondurulduqda quruluşunu və dadını itirərək “kaşaya” çevrilirlər. Hüceyrələrdəki su buz kristallarına çevrilərək toxumanı məhv edir. Belə tərəvəzləri yalnız şorba və ya qovurma üçün istifadə etmək məsləhətdir.
4. Tərəvəzləri blanş etmədən dondurmayın
Blanşetmə – tərəvəzin qısa müddətlik qaynar suya salınması onun rəngini, dadını və faydalı maddələrini qoruyur. Əks halda, dondurulduqdan sonra tərəvəzlər solğun, dadsız və yumşaq olur. Bu, xüsusilə yerkökü, lobya, noxud və kələmdə müşahidə olunur. Qaynatdıqdan sonra onları mütləq soyuq suda soyudun.
5. Hər şeyi bir paketə yığmayın
Meyvə və tərəvəzləri birbaşa paketə töküb dondurmaq onları bir-birinə yapışdırır və iri buz topasına çevirir. Sonradan istifadə etmək çətin olur – ya kəsilməli, ya da atılmalıdır. Ən düzgün yol məhsulları əvvəlcə nimçədə ayrıca dondurmaq, sonra isə konteynerlərə yığmaqdır. Bu, həm formalarını qoruyur, həm də porsiyalarla istifadəni asanlaşdırır.
6. Dondurucunu tam doldurmayın və boş da saxlamayın
Tamamilə dolu dondurucuda hava dövranı zəifləyir və soyutma zəifləyir. Əgər içəridə çox az məhsul varsa, hər qapı açıldıqda soyuq tez itirilir. Ən ideal – 75% doluluqdur. Bu, sabit temperaturu saxlayır və enerji qənaətinə səbəb olur.
7. Məhsulları açıq şəkildə dondurmayın
Qapaqsız konteynerlər və ya bağlanmamış paketlər “don yanığı”na səbəb olur. Məhsulun səthi buz qatına bürünərək dadını və quruluşunu itirir. Bu hissələr çox vaxt kəsilərək atılır. Möhkəm bağlanan konteynerlər və ya zipli paketlər istifadə edin, içindəki havanı buraxın.
8. Keyfiyyətsiz qab istifadə etməyin
Bəzi plastik qablar aşağı temperaturda kövrəkləşib çatlayır. Polistirol və ucuz plastiklər dondurucu üçün uyğun deyil. Alt hissəsində “qar dənəsi” simvolu və ya “dondurmaq üçün” yazısı olan qabları seçin.
9. Paketləri imzalamağı unutmayın
Birkaç həftədən sonra nəyi nə vaxt dondurduğunuzu xatırlamaq çətin ola bilər. Bu da məhsulun xarab olmasına və ya eyni şeyin bir neçə dəfə alınmasına səbəb olur. Marker və ya yapışqan lentlə paketləri imzalayın: məhsulun adını və tarixini qeyd edin.