Xəbər verdiyimiz kimi, Vahid Azərbaycan Milli Birlik Partiyası və Qorqud Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bildirilib ki, buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Partiyaların ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib. Bununla da sadəcə avqust ayında ləğv olunan partiyaların sayı 13-ə çatıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Milli Vəhdət Partiyası, Yeni Yol Partiyası, Müstəqil Xalq Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və bunlara dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim ediblər. Həmin partiyaların ləğvi barədə qeyd müvafiq tarixlərdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.
Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, “Siyasi partiyalar haqqında” qanun qəbul edildikdən sonra yeni mərhələnin başlanğıcı qoyulub.
Məhəmməd Əsədullazadə: Siyasi-sosial cəhətdən güclü, üzvlərinin sayı yetərincə olan partiyalar fəaliyyətini davam etdirəcək
Onun sözlərinə görə, 5-6 partiya istisna olmaqla Azərbaycanda Ədliyyə Naziliyində qeydiyyatdan keçmiş 60-a yaxın partiyanın demək olar ki, fəaliyyəti yox idi: "Şübhəsiz, bu istiqamətdə islahatlar labüd idi. İqtidarın da siyasi partiyalarla danışıqları, aparılan müzakirələr, konfiqurasiya istənilən nəticəni vermədi. Partiyaların fəaliyyətində əsaslı dönüş yaranmadı, heç bir dəyişiklik olmadı”.
M.Əsədullazadəyə görə, yeni qanunun qüvvəyə minməsindən sonra bir daha aydın oldu ki, bir çox partiyanın ciddi sosial bazası yox imiş. Ona görə də qanunun tələblərinə cavab verməyən partiyaları özlərini buraxmaq qərarı verdilər: “Əgər hansı partiya siyasi-sosial cəhətdən güclüdürsə, üzvlərinin sayı yetərincədirsə, o yenə də fəaliyyətini davam etdirəcək”.
Müsahibimiz qeyd edib ki. təmsil olunduğu Milli Cəbhə Partiyası qanunun tələbi çərçivəsində üzvlərinin sayını Ədliyyə Nazirliyinə təqdim edib: “Sadəcə üzvlərin əlaqə nömrələri, adları ilə bağlı, yəni texniki məsələlərdəki müəyyən problemlərə görə sənədlər geri qaytarılıb. Lakin problemləri aradan qaldırıb növbəti mərhələdə yenidən müvafiq quruma siyahını təqdim edəcəyik. Prosesin müsbətə doğru irəliləməsinin şahidi olacağıq".
Aydın Baxış