• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

3-ü 10 manata “kənd çolpası”: “Ölü toyuqlardır, təmizləyib satırlar” - REPORTAJ

CƏMİYYƏT

24 Noyabr 2023 | 11:24

3-ü 10 manata “kənd çolpası”: “Ölü toyuqlardır, təmizləyib satırlar” - REPORTAJ

"3-ü 10 manata toyuqlar..." Son zamanlar bu cümlə tez-tez qarşımıza çıxır. Biri sosial media hesabında bu ticarət növündan şikayətlənir, kimi çıxış yolu axtarır, kimi də rəsmi yanaşma ortaya qoyaraq, belə satışların qadağan olduğunu bildirir...

Nəticə isə dəyişmir. Gördüklərimiz fərqlidir. Bu gün 3-ü 10-12 manata satılan "kənd çolpaları" əsasən metro çıxışlarında "satış rekordları" qırmağdadır.

Atalar sözüdür, "Ucuz ətin şorbası olmaz". Amma əhalinin bir qismi üçün bu atalar sözünün önəmi yoxdur. Əsas ət olsun... Dadlı və ya dadsız. Əsas onu almaqdır...

Əlqərəz, biz də düşdük bu məşhur "ucuz toyuq”ların izinə. Soraqlaşa-soraqlaşa gəlib çıxdıq metronun "İnşaatçılar" stansiyasının çıxışına. Bu tərəflərdə “qəşəng” və ucuz “kənd çolpaları” satılır.

Metrodan çıxan kimi, "istədiyimiz"i tapdıq...

Kənd məhsulları satan 55-60 yaşlı qadına yaxınlaşıram. Məni görən kimi, məhsulların tərifləməyə başlayır:

- Hər şey var, bala. Rayon məhsullarıdır. Pendir 12 manat...

- Bəs toyuq? Toyuq neçəyədir?

- 6 manatlıq çolpalarım da var, iki dənə qalıb. 8 manata da çolpa var. Bu, yaxşılarındadır. Xaçmazdan gətirilib, həyət çolpalarıdır.

- Biri 8 manat?

- Hə, bala.

- Baha deyil?

- 6 manatlıq çolpalarım da var da, bala.

Ondan "məşhur" 3 manatlıq çolpaları soruşduq. Bu isə onun heç xoşuna gəlmədi. Başladı bu tip satışlar edən adamları qınamağa.

- Bala, o toyuqlar ölü toyuqlardı. Vərəm tutarsız, o toyuqları yemək olmaz. O qiymətə həyət toyuğu olar? Onun elə dirisi nə qiymətədir. Onu heç itin qabağına atmazlar. Hamısı ölü toyuqlardır, təmizləyib satırlar. Allah onların bəlasını versin. Məndə Xaçmaz çolpalarıdır, sırf həyət toyuqlarıdır. Elə bil hindüşkadır.

Qadın məni real müştəriyə bənzətdiyindən, çolpalara endirim etməyə başladı:

- Götür bala, 6 manat nədir ki!? İki dənə qalıb.

- Bahadır ee, xala.

- Yaxşı, ikisinə 10 manat ver.

- İkisinə 10 manat?

- Hə, ikisinə 10 manat ver, götür.

Tələbə olduğumu öyrənəndə isə humanist şəkildə növbəti endirimə keçdi. Hətta, 2 "kənd çoplası" üçün cəmi 8 manat pul istədi... Yəni, biri 4 manat, 3-ü 12 manat... Hə, 3-ü 12 manat...

Xaçmaz məhsulları satan qadınla “alver" edəndə bizdən təxminən 20-25 metr uzaqlıqda yerləşən digər piştaxtalar da diqqətimi çəkmişdi. Orda isə təxminən 40-45 yaşlı bir kişi əyləşmişdi. Salamlaşdıq, toyuqların qiymətini soruşdum.

- Toyuqlar neçəyədir, dayı?

- Biri 7 manat.

- Bir az yuxarıda daha ucuz qiymətə satırlar...

- Onlar "yeşik toyuqları"dır, qaqaş. Onlar geydirmədir. Bunları isə kənddən gətirmişəm.

- Özünüz saxlayırsınız?

- Hə, qaqaş, bəs necə!? Öz həyətimizdəndir. Sənə ən yekəsini verərəm, götür.

Satıcı bir az tərəddüd içərisində oldğumu görüb, başladı yenidən toyuq tərifinə... Bu əsnada onunla eyni yerdə qoz-fındıq satan başqa bir dayı yaxınlaşdı ki, "qardaş, al, vallah əla toyuqlardı". Üstəlik satıcıya üzünü tutub endirim edib-etmədiyini soruşdu.

- Neçəyə demisən ki?

- 7 manata.

- Endirim elə də qardaşa. Tez-tez buradan alver edir. Hər gün bazarlıq edir bizdən, yaxşı uşaqdı...

- Qardaş ikisinə 12 manat verər də day.

Qeyd edim ki, mən o satıcıları ilk dəfədir görürdüm. Bir az da çox dayansam, qohum çıxacağımızı düşündüyüm üçün oradan uzaqlaşmağa çalışdım. Bu anda satıcı "dirəşdi" ki, al.

- Əla toyuqlardı. Lap istəsən beş manatdan götür.

- Yox, çox sağ olun, qalsın.

- İkisinə 8 manat ver...

- Buralardayam, aşağı gedim, qayıdacam...

Yalan deməkdən başqa çıxış yolum yox idi. Orada bir az da qalsaydım, məcburən toyuqları "qoltuğuma verib", cibimdən pulu götürüb, özümü də yola salacaqdılar...

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, toyuqlar əsasən iki məqsədlə bəslənilir: ya kəsim üçün, ya da yumurta vermək üçün... Yumurta vermək üçün saxlanılan anac (Bala yetişdirib qartlaşmış heyvan – red.) toyuqlar illərlə saxlanılır, illər boyu yumurtlayır, sonda isə yumurtadan kəsilirlər. Onların ətləri isə çox bərk olur. Elə buna görə də həmin toyuqları 4-5 manata satılırlar: "Bu toyuqlar “kənd toyuğu”na oxşayır. Əslində belə toyuqların ətləri kolbasaya, sosiskaya verilməlidir. Lakin görünür ki, onu realiz etməkdə çətinliklər var. Ona görə də 3-ü 10 manat, 12 manata olan toyuqlar bazara çıxarılır. Əti bərk olduğu üçün kənd toyuğu adı altında satılır”.

Müsahibimizin sözlərinə görə, ən təhlükəli cəhət isə bu toyuqların dondurulub, sonradan açılmış olmalarıdır. Əgər elədirsə, bu, artıq çirklənmiş ət hesab olunur.

Eyyub Hüseynov bildirib ki, son zamanlar istehlakçılar tərəfindən bu durumla bağlı zənglərin sayı artmaqdadır: "Son illər bu məsələ ilə bağlı istehlakçılar tərəfindən mənə çoxlu zənglər gəlir. Xüsusən "8-ci kilometr bazarı" ətrafındakı ərazilərdə bu toyuqlar satılır. Buna heç kim nəzarət edə bilməz. Yalnız onlarda Qida Təhlükəsizliyi Agentliyinin və ya baytarlığın sənədləri olmalıdır ki, təhlükəsizlik təmin olunsun".

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də müraciət etdik. Qrumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu məsələ ilə onların əlaqəsi yoxdur: “Qanunsuz küçə ticarəti ilə Daxili İşlər Nazirliyi (DİN) və ya yerli İcra Hakimiyyəti qurumları mübarizə aparmalıdır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlardan daxil olan müraciətlər əsasında Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən küçə ticarəti, antisanitariya, ətraf mühitin çirkləndirilməsi, çirkab suların küçəyə axıdılması və digər hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilir. Tədbirlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət, tullantıların qalaqlanması, həmçinin iaşə obyektlərindən çirkab suların küçəyə axıdılması halları polis əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR