"Azərbaycanda peşə təhsilinə maraq artmaqda davam edir. 2025-ci il üzrə qəbul statistikası 33 min plan yerinə təxminən 47 min müraciətin daxil olduğunu göstərir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 2025-ci il üzrə peşə təhsili müəssisələrinə ümumilikdə təxminən 47 min nəfər müraciət edib. Qəbul planı 33 min yer təşkil edib, faktiki qəbul olunanların sayı isə 27 min nəfərə yaxın olub. Beləliklə, qəbul faizi təxminən 83 faiz təşkil edib.
İ.Bayramlı bildirib ki, ən çox müraciət olunan ixtisas aşpaz olub. Bu ixtisasa 7 079 nəfər müraciət edib. Sonrakı yerlərdə mühasibat uçotu (6 097 nəfər), kompüter şəbəkələri və şəbəkə inzibatçılığı (5 932 nəfər), əməliyyatçı-mühasib (5 139 nəfər) və kompüter sistemlərində proqramlaşdırma (4 681 nəfər) qərarlaşıb.
Brifinqdə o da qeyd olunub ki, bir plan yeri üzrə ən yüksək müsabiqə kibertəhlükəsizlik ixtisasında qeydə alınıb. Bu ixtisas üzrə hər plan yerinə orta hesabla 45 müraciət düşüb. Siyahıda satış və marketinq (25), istehsalata rəqəmsal nəzarət sistemləri (23), kompüter sistemlərində proqramlaşdırma (20) və bərbər-vizajist-manikürçü (18) ixtisasları da yüksək rəqabət göstərən sahələr sırasında yer alıb.
Zeynəb Rzayeva
Bakı 



