“Ədalət” qəzetinin nəşr başlamasından 34 il ötür.
Bakıvaxtı.az xatırladır ki, 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib.
"Ədalət"in qurucusu Əməkdar jurnalist Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb.
Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb.
Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib.
Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilik olub.
Bakıvaxtı.az xəbər portalının kollektivi “Ədalət” qəzetində çalışan həmkarlarını təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, nailiyyətlər arzulayır.