Vətəndaşlarımızın xaricə gediş-gəlişinin genişləndirilməsi məqsədilə viza rejiminin sadələşdirilməsi və ya ləğvi istiqamətində işlər davam etdirilir. Bu proses qarşılıqlı prinsip əsasında aparılır və hər bir ölkə ilə münasibətlər, təhlükəsizlik və texniki imkanlar nəzərə alınır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazirin sözlərinə görə, son dövrün statistikasına nəzər salsaq, bir sıra ölkələrlə viza rejiminin aradan qaldırılması müsbət nəticələr verib. Xüsusilə Albaniya, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Yaxın Şərq ölkələri, o cümlədən Qatar, Mərakeş və Çin ilə bu istiqamətdə irəliləyişlər mövcuddur:
“Biometrik pasportların tətbiqi bu prosesi daha da asanlaşdırır və vətəndaşlarımız üçün səfər imkanlarını genişləndirir. Çinlə bağlı isə hazırda diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin ləğvi məsələsi müzakirə olunur”.
Ceyhun Bayramov qeyd edib ki, hazırda aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlıq davam edir və 2026-cı ildə vizasız rejim tətbiq edilən ölkələrin siyahısı daha da genişlənəcək:
“Hazırda isə 5 ölkəyə vizasız gediş-gəliş tətbiq olunması ilə bağlı danışıqlar aparılır”.
Zeynəb Rzayeva
Bakı 




