• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

600 balla kəsilən abituriyentlərin aqibəti necə olacaq? - Onlar adi qaydada...

CƏMİYYƏT

28 Avqust 2024 | 09:56

600 balla kəsilən abituriyentlərin aqibəti necə olacaq? - Onlar adi qaydada...

Qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib, amma yanlış yerləşdirmə nəticəsində kəsilən abituriyentlərə heç bir güzəşt olunmur.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq DİM-in mətbuat xidmətindən bildirilib.

Məlumat verilib ki, onlar adi qaydada boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərlər.

Qeyd edək ki, 600 baldan yuxarı bal toplayan 2 abituriyent yanlış ixtisas seçiminə görə kəsilib.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar baş tutan mətbuat konfransında deyib ki, 600 baldan yuxarı yığıb kənarda qalan şəxslərlə individual şəkildə əlaqə saxlanılır.

“Ancaq qəbul qaydaları bəllidir və ondan kənara çıxa bilmərik”,- deyə Məleykə Abbaszadə qeyd edib.

Elmin Nuri: 600-dən yüksək bal yığıb kəsilənləri alqışlayıram

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri qəbul imtahanlarında 600 baldan yuxarı nəticə toplasalar da, ixtisas seçimi zamanı kəsilən iki gənci alqışladığını bildirib.

E.Nurinin sözlərinə görə, bunu şansa, yanlış kodlaşdırmaya bağlamaq düzgün deyil. O, 600 baldan yüksək toplayan şagirdin kodlaşdırmanı da, məntiqi mühakiməni də digərlərindən yaxşı biləcəyini nəzərə çatdırıb:

“Sadəcə biz hələ də universitetə nə yolla olursa olsun daxilolma prisinsipi kimi baxırıq. Əmin olun ki, 250 balla hansısa universitetin yararsız bir ixtisasına qəbul olub tələbə adını qazananlar bəlkə də ürəklərində bu iki gəncə ikrahla yanaşır, bəlkə də onları məntiqsiz adlandırırlar. Amma əksinə ən məntiqli gənclərimiz onlardır. Çünki onlar məhz öz hədəfləri istiqamətində bu addımı atıblar”.

Ekspert qeyd edib ki, həmin gənclər cəmi 2 xanaya istədikləri universitetin istədikləri ixtisasına qəbul ola bilsələr də, bunu istəməyərək gələcəklərini harada görüblərsə şanslarını da məhz onun uğrunda sınamağı seçiblər:

“Bir haşiyəyə çıxım: mən inanıram və dua edirəm ki, bu məsələdə valideyn diqtəsi yoxdur. Çünki hardasa 7-8 il bundan qabaq belə bir hal yaşanmışdı. Yüksək bal toplayan uşaq atasının kəskin etirazı səbəbindən yalnız bir yeri - Bakı Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasını ödənişsiz yazmışdı. Təbii ki, o kəsildi. Amma istəsə istənilən universitetin istənilən fakultəsinə daxil ola bilərdi”.

Bu iki gənci tanımaq istədiyini, onlara hətta qibtə etdiyini vurğulayan müsahibimiz onların toplumun universitetə olan baxışının tam əksinə hərəkət etdiklərini diqqətə çatdırıb:

“Onlar üçün universitet yalnız onları uğura aparan, gələcəklərini görə bildikləri formalaşma mexanizmidir. Yəni hədəfin müəyyənləşdirilməsi budur. Karyeranın düzgün dəqiqləşdirilməsi budur. Əmin olun ki, bu iki gənc gələcəyin ən parlaq mütəxəssisləri olacaqlar”.

Həmsöhbətimiz bu uşaqların güzəştə ehtiyacları olmadığını, onların boş qalan yerlərə ixtisas seçimlərində tələbə adını qazana biləcəklərini bildirib:

“Çünki 600 baldan yuxarı toplayıblar, boş qalan yerlərdən istənilən birini seçməklə uğur qazana bilərlər. Onlara kiminsə ayrıca güzəşti lazım deyil. Amma əmin olun ki, bu uşaqlar bundan istifadə etməyəcəklər. Çünki onlar hədəfləniblər. Onların konkret bir məqsədi var. Cəmiyyət və təhsil onların hesabına inkişaf edəcək. Onlar Azərbaycan ali təhsil sisteminə xüsusi bir qiymət verdilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Sentyabr 2024