Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq edib, onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin qərarı ilə cinayət işi baxışa verilib. Baxış iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə mayın 28-də Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Məlumata görə, Süleyman Cəbiyev 1950-ci il yəvəlludlü Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə evə daxil olub. O, bıçaqla ev sahibinin boyun nahiyyəsinə çoxlu zərbələr endirib.
75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Süleyman Cəbiyev qadının mənzilindən 450 manat oğurlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb. Cinayət Məcəlləsinin 120.2.4- cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə qəsdən adam öldümə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı 


