ABŞ Dövlət Departamenti “Taliban” hakimiyyətinin Əfqanıstanın mineral ehtiyatlarının inkişafına Amerika investisiyalarını cəlb etmək təklifini rədd edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin xarici siyasət idarəsi ABŞ-də rəsmi olaraq terror təşkilatı kimi tanınan hərəkatla işləmək niyyətində olmadığını bildirib.
Dövlət Departamentinin sözçüsü Tommi Pigott bu barədə danışaraq deyib: "ABŞ Dövlət Departamenti Əfqanıstanın həyati əhəmiyyətli mineral ehtiyatlarının inkişafında qlobal terror qrupu olan “Taliban”la əməkdaşlıq etməyi planlaşdırmır".
O, əlavə edib ki, bu cür əməkdaşlıq "sadəcə olaraq “Taliban”a pul verəcək və onun əfqan xalqına qarşı dəhşətli rəftarı üçün şərait yaradacaq".
Bəyanat, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttahidanın təklifinə cavab olaraq verilib. 31 avqustda “Financial Times” qəzetinə verdiyi müsahibədə Müttahida Vaşinqtonu Əfqanıstanın mədən, infrastruktur, kənd təsərrüfatı və ticarət sahələrinə investisiya qoymağa çağırıb. Müttəhidəyə görə, Əfqanıstan Amerika investisiyalarını "mütləq" alqışlayacaq. O deyib ki, iki ölkə arasındakı münasibətlərə "iyirmi illik müharibə prizmasından" baxılmamalıdır, əksinə, tərəflər gələcək əməkdaşlığa diqqət yetirməlidirlər.
ABŞ geoloji tədqiqatlarına görə, dəyəri təxminən bir trilyon dollar olan yataqların istismarı ehtimalı təhlükə altındadır - Əfqanıstanda mis, litium, nadir metallar, kobalt və dəmir filizi ehtiyatları böyükdür.
2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra “Taliban” 7 milyard dollardan çox dəyərində mədən müqavilələri imzalayıb. Çin, İran, Qətər və Türkiyədən olan şirkətlər əsas tərəfdaşlara çevrilib. Onların arasında Qərbin böyük investorları yoxdur.




