• Bakı 10° C

    15.36 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

ABŞ-nin BMT Təhlükəsizlik Şurasına biraylıq sədrliyi nə vəd edir?

SİYASƏT

03 Dekabr 2024 | 11:30

ABŞ-nin BMT Təhlükəsizlik Şurasına biraylıq sədrliyi nə vəd edir?

ABŞ BMT Təhlükəsizlik Şurasına sədrliyi Böyük Britaniyadan bir ay müddətinə öz üzərinə götürüb.

Bakıvaxtı.az xatırladır ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild məlumat verib. O, BMT-nin mənzil-qərargahında mətbuat konfransı keçirəcək və BMT Təhlükəsizlik Şurasının qarşıdan gələn ay üçün iş proqramını açıqlayacaq.

Dekabr ayında BMT Təhlükəsizlik Şurasının üzvlərinin Yaxın Şərqdəki, xüsusilə Qəzza zolağı və İsrail-Livan sərhədindəki vəziyyətə diqqət yetirəcəyi gözlənilir. Ümumilikdə, ay ərzində BMT TŞ-nin 20-ə açıq sessiyası və qapalı məsləhətləşmələri keçiriləcək.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, Amerika tərəfi öz maraqlarını dəstəkləməyə çalışarsa, Rusiya BMT Təhlükəsizlik Şurasının ABŞ-nin dekabr ayı üçün təklif etdiyi iş proqramını əngəlləyə bilər.

ABŞ-nin BMT Təhlükəsizlik Şurasına sədrliyi Rusiya ilə münasibətlərə necə təsir edə bilər? Yaxın zamanda ABŞ-Rusiya gərginliyi gözlənilirmi?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-nin BMT Təhlükəsizlik Şurasına sədrliyi, xüsusən ABŞ-Rusiya münasibətləri kontekstində, beynəlxalq arenada gərginliklərin dərinləşməsinə yol aça bilər.

Onun sözlərinə görə, bu sədrliyin əsas funksiyası TŞ-nin iş proqramını idarə etmək və iclasları səmərəli şəkildə təşkil etmək olsa da, ABŞ adətən TŞ sədrliyi dövründə öz geosiyasi prioritetlərini daha ön planda saxlayır:

"Bu, öz növbəsində Rusiya ilə ABŞ arasında mövcud fikir ayrılıqlarını daha da kəskinləşdirə bilər. ABŞ-nin Qəzza zolağı, İsrail-Livan sərhədi, Suriyada alovlanan yeni münaqişə və digər konfliktlərdəki mövqeyi Rusiyadan ciddi şəkildə fərqlənir. Dmitri Polyanskinin bəyanatı da göstərir ki, Rusiya ABŞ-nin birtərəfli yanaşmalarını, ABŞ-də Rusiyanın yanaşmalarını qəbul etməyəcək və bu, BMT TŞ-də konsensusun yaranmasına mane olacaq”.

Kamran Məmmədli:ABŞ-Rusiya gərginliyinin artması gözlənilir

Müsahibimiz hesab edir ki, ümumilikdə isə yaxın zamanda ABŞ-Rusiya gərginliyinin artması gözlənilir:

“Çünki hər iki ölkənin BMT-dəki maraqları və geosiyasi məqsədləri bir-birinə ziddir. ABŞ-nin TŞ sədrliyi bu proseslərin mərkəzində olacaq və diplomatik müstəvidə güc nümayişi kimi qiymətləndiriləcək".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası beş daimi üzv daxil olmaqla 15 üzvdən ibarətdir: Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ. Onların hər birinin veto hüququ var. Bu il BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü Əlcəzair, Ekvador, Qayana, Malta, Yaponiya, Mozambik, Sierra Leone, Sloveniya, Cənubi Koreya və İsveçrədir. BMT Nizamnaməsinə görə, Təhlükəsizlik Şurası sülhün və beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdehdir və BMT-yə üzv olan bütün dövlətlər onun qərarlarına əməl etməyə borcludurlar. BMT Təhlükəsizlik Şurasına sədrlik növbə ilə Şura üzvləri tərəfindən ingilis əlifbası sırası ilə bir təqvim ayı ərzində həyata keçirilir. 2025-ci ilin yanvarında Təhlükəsizlik Şurasının işinə qeyri-daimi üzv olan Əlcəzair rəhbərlik edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR