ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarması və ölkənin şimal-şərqində fəaliyyət göstərən kürd siyasi-hərbi strukturlarının mərkəzi hakimiyyətə inteqrasiyası bir-birindən ayrı hadisələr deyil.
Bu addımlar Suriyada uzun illər davam edən parçalanmanın aradan qaldırılmasına yönəlmiş daha geniş siyasi prosesin tərkib hissəsi kimi görünür. Vaşinqton bununla yeni Suriya hökumətinin beynəlxalq legitimliyini gücləndirir, eyni zamanda ölkənin vahid siyasi və hərbi idarəçilik altında birləşdirilməsinə dəstək verir.
Suriyanın sözügedən siyahıdan çıxarılması Dəməşq üçün ilk növbədə iqtisadi və diplomatik əhəmiyyət daşıyır. Bu qərar xarici sərmayələrin cəlb edilməsini, beynəlxalq maliyyə kanallarına çıxışı və ölkənin yenidən qurulması prosesini asanlaşdıra bilər. Lakin ABŞ-nin addımı yalnız iqtisadi məqsədlərlə izah olunmamalıdır. Vaşinqton yeni hakimiyyətə siyasi dəstək verməklə Suriyanın yenidən İran və Rusiyanın tam təsir dairəsinə düşməsinin qarşısını almağa çalışır.
PYD ilə əlaqəli hərbi-siyasi strukturların, xüsusilə Suriya Demokratik Qüvvələrinin mərkəzi hökumətə inteqrasiyası isə ölkənin daxili təhlükəsizlik quruluşunu ciddi şəkildə dəyişə bilər. İnteqrasiya real şəkildə həyata keçirilərsə, Suriyada paralel silahlı idarəçilik tədricən aradan qalxacaq və enerji yataqları da daxil olmaqla şimal-şərqdəki strateji ərazilər yenidən Dəməşqin nəzarətinə keçəcək. Bunun qarşılığında kürd əhalisinin yerli idarəçilikdə iştirakı, dil və mədəni hüquqları ilə bağlı müəyyən təminatlar alması mümkündür. Əsas mübahisə də inteqrasiyanın hansı şərtlərlə həyata keçiriləcəyi ətrafında yaranacaq.
Bu proses Türkiyənin təhlükəsizlik maraqları baxımından da mühüm nəticələr doğurur. Ankara PYD və onun silahlı qanadı saydığı YPG-ni PKK ilə əlaqəli terror strukturu kimi qiymətləndirir. Buna görə həmin qüvvələrin ayrıca silahlı təşkilat kimi fəaliyyətini dayandırması Türkiyənin uzun müddətdir irəli sürdüyü əsas tələblərdən biridir. Lakin onların yalnız adını və formasını dəyişərək Suriya ordusu daxilində müstəqil komandanlıqla qalması Ankaranın narahatlığını aradan qaldırmayacaq.
ABŞ-nin hər iki prosesə paralel dəstək verməsi Vaşinqtonun Suriya siyasətində müyən dönüşə getdiyini göstərir. ABŞ əvvəlki mərhələdə İŞİD-lə mübarizə məqsədilə Suriya Demokratik Qüvvələrinə arxalanırdısa, indi həmin qüvvələri vahid Suriya dövlətinin tərkibinə yönəltməyə çalışır. Bununla Vaşinqton həm kürd tərəfdaşlarını tamamilə müdafiəsiz qoymamaq, həm Türkiyə ilə münasibətlərdə gərginliyi azaltmaq, həm də yeni Dəməşq hakimiyyətini möhkəmləndirmək istəyir. Bu, ABŞ üçün üç fərqli tərəfin maraqlarını uzlaşdırmağa hesablanmış mürəkkəb balans siyasətidir.
Ümumilikdə, baş verənlər Suriyada sabitliyə doğru mühüm imkan yaratsa da, proses hələ geri dönməz xarakter daşımır. İnteqrasiyanın formal deyil, real olması, silahların vahid komandanlığa verilməsi və ölkənin sərhədləri daxilində paralel hakimiyyətin aradan qaldırılması əsas şərtlərdir. Eyni zamanda kürd əhalisinin hüquqlarının qorunması və Türkiyənin təhlükəsizlik narahatlıqlarının nəzərə alınması vacibdir. Bu məsələlər üzrə davamlı razılaşma əldə olunarsa, ABŞ-nin qərarı Suriyanın beynəlxalq sistemə qayıdışının, inteqrasiya prosesi isə onun daxili birliyinin başlanğıcı ola bilər.
Züriyə Qarayeva




