Azərbaycanın mədəniyyət naziri Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 26-da baş tutan görüşdə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad iştirak ediblər.
Görüşdə oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti müzakirə olunub. Adil Kərimli builki Forumun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusuna həsr olunduğunu və tədbirin ilk Forumun keçirilməsinin 15-ci ildönümünə təsadüf etdiyini bildirib.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq dialoq məkanı kimi tanındığını vurğulayıb.
Migel Anxel Moratinos və Nihal Saad isə “Bakı Prosesi”nin əhəmiyyətinin ildən-ilə artdığını qeyd edərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Görüşdə, həmçinin beynəlxalq düzənin bərpasında mədəniyyət diplomatiyasının rolu və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


















