• Bakı C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Ağdamdan verilən siyasi mesaj: beynəlxalq ədalətsizlik unudulmur

SİYASƏT

25 Dekabr 2025 | 17:03

Ağdamdan verilən siyasi mesaj: beynəlxalq ədalətsizlik unudulmur

Prezident İlham Əliyevin Ağdama səfəri və burada səsləndirdiyi fikirlər postmünaqişə dövrünün təkcə sosial-bərpa mərhələsini deyil, eyni zamanda Azərbaycanın beynəlxalq sistemə baxışının siyasi konturlarını da aydın şəkildə ortaya qoyur.

Xüsusilə, Ermənistanın uzun illər ərzində siyasi, iqtisadi, maliyyə və hərbi baxımdan dəstəklənməsi ilə bağlı açıqlamalar bu səfəri sırf daxili auditoriyaya yönəlmiş çıxışdan çıxarıb, daha geniş geosiyasi çərçivəyə daşıyır. Ağdamdan verilən bu mesaj mahiyyət etibarilə keçmişə hesabat yox, gələcək üçün siyasi mövqenin sərt şəkildə təsdiqidir.

Bu kontekstdə Prezidentin beynəlxalq təşkilatlara dair tənqidi yanaşması təsadüfi deyil. Ermənistan-Azərbaycan münaqişəsi dövründə “vasitəçi” mandatı daşıyan qurumların faktiki olaraq işğalçı dövlətlə həmrəy davranması, beynəlxalq hüququn isə kağız üzərində qalması artıq rəsmi Bakının siyasi yaddaşında formalaşmış əsas narrativlərdən biridir. Burada əsas problem konkret qurumların fəaliyyətsizliyi yox, bütövlükdə beynəlxalq sistemin selektiv işləməsidir. Ağdamda səsləndirilən fikirlər göstərir ki, Azərbaycan bu mərhələdə artıq həmin sistemdən ədalət gözləyən tərəf kimi yox, onun real mahiyyətini anlayan və buna uyğun davranan aktor kimi çıxış edir.

Prezidentin vurğuladığı Ermənistanın müxtəlif istiqamətlər üzrə dəstəklənməsi məsələsi münaqişənin niyə onilliklər boyu həll edilmədiyini izah edən açar nöqtədir. Diplomatik himayə, maliyyə axınları, siyasi lobbiçilik və hərbi yardım işğalçı statusunu faktiki olaraq cəzasız hala gətirmişdi. Bu dəstək mexanizmləri Ermənistanın kompromisə gəlməməsi üçün süni rahatlıq zonası formalaşdırmışdı. Ağdamda bu məsələnin yenidən gündəmə gətirilməsi siyasi baxımdan mühüm mesajdır: Azərbaycan münaqişənin uzanmasının səbəbini yalnız region daxilində deyil, regiondan kənarda da axtardığını açıq şəkildə göstərir.

Bu yanaşma postmüharibə dövründə yeni bir siyasi özünüdərkin formalaşdığını göstərir. Yəni Qələbə yalnız hərbi nəticə kimi deyil, beynəlxalq münasibətlərdə illüziyaların dağılması kimi dəyərləndirilir. Prezidentin çıxışında hiss olunan əsas xətt budur: Azərbaycan artıq beynəlxalq institutların formal bəyanatlarına arxalanan dövlət deyil. Əksinə, milli maraqları təmin etməyin yeganə yolunun güc, iradə və daxili konsolidasiya olduğu qənaəti açıq şəkildə ifadə olunur. Bu, realist xarici siyasətin postmünaqişə mərhələsində daha da sərtləşdiyini göstərir.

Ağdamdan verilən bu siyasi mesaj eyni zamanda gələcəyə yönəlik xəbərdarlıq xarakteri daşıyır. Sülh prosesinin getdiyi bir şəraitdə belə, keçmiş təcrübənin unudulmaması çağırışı təsadüfi deyil. Burada məqsəd revanşizm yaratmaq yox, strateji ayıqlığı qorumaqdır. Dövlət açıq şəkildə bildirir ki, beynəlxalq mühitdə münasibətlər tez dəyişir, maraqlar isə dəyərlərdən daha dayanıqlıdır. Bu səbəbdən təhlükəsizlik yalnız diplomatik niyyətlərə yox, real güc balansına əsaslanmalıdır.

Eyni zamanda bu çıxış daxili siyasi konsensusu möhkəmləndirən amil kimi də çıxış edir. Ermənistanın arxasında duran beynəlxalq dəstəyin açıq şəkildə ifadə olunması cəmiyyətin yaşadığı ədalətsizlik hissini siyasi çərçivəyə salır və onu vahid izah modelinə çevirir. Beləliklə, Qələbə təkcə döyüş meydanında qazanılmış uğur kimi deyil, onilliklər boyu davam edən beynəlxalq ikili standartlara verilmiş cavab kimi təqdim olunur. Bu isə postmünaqişə dövründə dövlət–cəmiyyət münasibətlərində ideoloji dayanıqlığı artıran mühüm faktordur.

Nəticə etibarilə, Ağdam səfərində Ermənistanın dəstəklənməsi məsələsinin xüsusi vurğulanması postmüharibə mərhələsində Azərbaycanın siyasi xəttinin əsas sütunlarından birini təşkil edir. Bu xətt sadədir: beynəlxalq ədalətsizlik unudulmur, təhlükəsizlik illüziyalar üzərində qurulmur və suverenlik yalnız hüquqi sənədlərlə deyil, real güclə qorunur. Ağdamdan səslənən bu mövqe Azərbaycanın gələcək regional davranışının da ideoloji çərçivəsini formalaşdırır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR