Ağdaş rayonunun Pirəyir kəndində yeni içməli su təchizatı sisteminin istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, millət vəkili Sahib Alıyev, Agentliyin sədrinin müşaviri Etibar Məmmədov, qurumun nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, regionlarda içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr dayanıqlı inkişafın mühüm tərkib hissəsidir. Qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə iri həcmli layihələr icra edilir və bu işlər növbəti illərdə də davam etdiriləcək.
Pirəyir kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması üçün Ləki qəsəbəsi və Nehrəxəlil kəndini içməli su ilə təmin edən D280 mm diametrli magistral su kəmərindən birləşmə verilib və kənd ərazisində yeni paylayıcı şəbəkə inşa olunub.
Layihə çərçivəsində 8,5 kilometr uzunluğunda su şəbəkəsi çəkilib, 194 fərdi yaşayış evi sistemə qoşulub. Hər bir abonent suyun dəqiq uçotunun aparılması və qənaətli istifadənin təmin olunması məqsədilə su sayğacı ilə təchiz edilib.
Kəndin 723 nəfər əhalisinin gündəlik 140 kubmetr su tələbatının yeni sistem vasitəsilə tam qarşılanacağı bildirilib.
Məlumata görə, Ağdaş şəhərinin mövcud su təchizatı sistemi Türyançay çayının məcrasında yerləşən 8 subartezian quyusu hesabına həyata keçirilir. Şəhərdə abonentlərin sayı 8681 nəfərdir. Ümumi su şəbəkəsinin uzunluğu 175 kilometr, magistral su kəmərinin uzunluğu 16,5 kilometr, kanalizasiya şəbəkəsinin uzunluğu isə 126 kilometr təşkil edir.
Rayonda həmçinin 2x5000 kubmetr həcmində su anbarı kompleksi fəaliyyət göstərir. Ümumilikdə 31 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Bunlardan 3 kənd paylayıcı şəbəkə, 3 kənd ictimai bulaq, 25 kənd isə modul tipli sutəmizləyici qurğular vasitəsilə içməli su ilə təmin olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2026–2027-ci illərdə Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud sistemin genişləndirilməsi üçün layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin aparılması nəzərdə tutulur. Eyni zamanda Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sisteminin yaradılması üçün layihə-smeta sənədləri hazırlanacaq. Binələr, Davudlu, Cardam və Kotanarx kəndləri üzrə isə layihə-smeta sənədlərinin artıq hazır olduğu bildirilib.
Bakı 






