14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Mərasimdə ilk olaraq Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib. O, yarış iştirakçıları və qonaqları salamlayıb, onlara təşəkkür edib, idmançılara uğurlar arzulayıb. Umudov Azərbaycanda idmana böyük diqqət və qayğı göstərildiyini, federasiya olaraq bunu çox hiss etdiklərini, istər daxili, istərsə də beynəlxalq yarışlar üçün böyük stimul olduğunu qeyd edib. Vitse-prezident Azərbaycan ağırlıqqaldırmasının böyük potensiala malik olduğunu, beynəlxalq arenalarda qazanılan uğurların buna sübut olduğunu bildirib. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün lazımi təcrübə və şərait malik olmağımız və qısa zamanda qitə miqyaslı turnirləri təşkil etməyə hazır olduğu vurğulanıb.
Firdovsi Umudov bu yarışdan etibarən Azərbaycan çempionat və birincilikləri üçün xüsusi mükafat fondu təyin edildiyini, idmançı və məşqçiləri həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədilə bu təcrübəni həyata keçiriləcəyini bildirib. Belə ki, gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında qalib gələn kollektivə 5 min manat, 2-ci olan komandaya 3 min manat, 3-cü olan komandaya isə 1 min manat veriləcək. Böyüklər arasında komanda hesabında ən yaxşı olan kollektiv 10 min, 2-ci olan komanda 5 min, 3-cü olan komanda isə 3 min manat mükafat alacaq.
Umudov hazırda Azərbaycanda səfərdə olan və yarışı tribunadan izləyən Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflittini də salamlayıb, ona gəldiyi üçün təşəkkür edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonda Azərbaycan ağırlıqqaldırmasının inkişafın xüsusi rolları olmuş şəxslərin yubileyləri məqsədilə təltifat mərasimi təşkil edilib. Sabiq ağırlıqqaldıran Akif Alıyev və əməkdar məşqçi Vahid Nəzərov 65, Beynəlxalq dərəcəli hakim Namiq Nəcəfov 70, AAF-ın sabiq prezidenti Şüa Hüseynova isə 85 yaşı münasibətilə plaketlər və xüsusi, qiymətli hədiyyələr təqdim edilib. Mərasimdə AAF-ın prezidenti Kamran Nəbizadə və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti iştirak ediblər.
Əli Hüseynov