• Bakı 26° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Ağstafa Miniatür Parkında ACINACAQLI MƏNZƏRƏ

SİYASƏT

17 Avqust 2026 | 12:55

Ağstafa Miniatür Parkında ACINACAQLI MƏNZƏRƏ

Azərbaycanın tarixi-mədəni irsini və milli-mənəvi dəyərlərini özündə əks etdirən məkanların qorunması yalnız abadlıq məsələsi deyil, həm də cəmiyyət qarşısında məsuliyyətdir. Bu baxımdan Ağstafa şəhərində yerləşən Miniatür Parkın hazırkı vəziyyəti ciddi suallar doğurur.

Bakıvaxtı.az xəbər verir ki, parkda Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı müxtəlif miniatürlər və abidələrin maketləri nümayiş etdirilir. Burada ölkəmizin ayrı-ayrı şəhərlərinin, tarixi məkanlarının və memarlıq nümunələrinin kiçik ölçülü təsvirləri yer alır. Onların arasında Şuşanın tarixi-memarlıq irsini əks etdirən nümunələr də var.

Lakin Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixi yaddaşını və mədəni irsini təbliğ etmək məqsədi daşıyan belə bir məkanın baxımsız vəziyyətdə qalması xüsusilə təəssüf doğurur.

Parkın ərazisində ümumi səliqəsizlik və baxımsızlıq, miniatürlərin və digər dekorativ elementlərin lazımi səviyyədə qulluq görməməsi məkanın əvvəlki görkəmini itirdiyini göstərir. Tarixi və mədəni əhəmiyyət daşıyan nümunələrin olduğu bir park üçün bu mənzərə heç də qənaətbəxş deyil.

Xüsusilə Şuşa ilə bağlı miniatürlərin və Azərbaycanın tarixi irsini əks etdirən digər nümunələrin belə vəziyyətdə olması diqqətdən kənarda qalmamalıdır. Qarabağın, xüsusilə Şuşanın Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutduğu nəzərə alınarsa, bu cür məkanların qorunmasına daha həssas münasibət göstərilməsi vacibdir.

Söhbət sadəcə bir parkın abadlığından getmir. Burada nümayiş etdirilən nümunələr uşaqlarda və gənclərdə Azərbaycanın tarixi, şəhərləri və memarlıq irsi haqqında təsəvvür formalaşdırmaq baxımından da əhəmiyyətlidir. Bu səbəbdən belə məkanların baxımsız vəziyyətdə saxlanılması ictimai məsuliyyət məsələsini gündəmə gətirir.

Burada Ağstafa Rayon İcra Hakimiyyətinin də məsuliyyəti diqqət çəkir.

Əgər Ağstafa şəhərinin mərkəzində milli-mənəvi dəyərləri və tarixi irsi təbliğ edən park baxımsız vəziyyətdədirsə, onun bərpası və qorunması üçün nə vaxt tədbir görüləcəyi açıqlanmalıdır.

Sakinlərin də istifadə etdiyi bu məkanın yenidən abadlaşdırılması, miniatürlərin bərpası, ərazinin təmizlənməsi və mütəmadi nəzarətin təmin edilməsi vacibdir. Çünki milli irsi əks etdirən abidə və nümunələrə münasibət həm də tariximizə münasibətin göstəricisidir.

Bakıvaxtı.az olaraq məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin mövqeyini və parkın bərpası ilə bağlı konkret planlarını öyrənməyə çalışacağıq.

 

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026