• Bakı 27° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Alim ÖLDÜ, Aləm ÖLDÜBİR İL...

MEDİA

25 Avqust 2025 | 14:15

Alim ÖLDÜ, Aləm ÖLDÜ – BİR İL...

Tarix yalnız arxivlərin səssiz rəflərində qalmır. O, yaşayanların nəfəsində, yazanların qələmlərində, danışanların sözündə dirilir. Nəsiman Yaqublu da bu dirilişin carçılarından idi. Onun ömrü millətin yaddaşına yazılmış bir kitab, xalqın düşüncəsinə işıq saçan bir çıraq idi.

Nəsiman müəllim təkcə faktların toplayıcısı yox, tarixi sevdirən, onun ruhunu hiss etdirən alim idi. Azərbaycan Xalq Cümhuriyyətinə dair araşdırmaları, istiqlal mücahidlərinə həsr etdiyi kitabları elmdən savayı, həm də milli şüura xidmət edir. Hər əsəri ilə bir qaranlıq pərdəni kənara çəkir, unudulan adları yada salır, itib-batan izləri tapırdı.

Onun qələmi millətinə olan məsuliyyət hissi ilə işləyirdi. Bir çox gənc tarix fənninə yalnız dərs kimi baxırdısa, Nəsiman Yaqublunun yazıları və çıxışları onlara tarixin canlı, nəfəs alan bir varlıq olduğunu anlatdı.

Nəsiman müəllim təkcə auditoriyada müəllim deyildi, o həm də bir yolgöstərən idi. O, gənclərə düşünməyi, soruşmağı, kimliyini dərk etməyi aşılayardı. Onun keçdiyi dərslərdə tələbələri sadəcə bir mövzunu deyil, bütöv bir dövrün ruhunu yaşayardı.

N.Yaqublunun söhbətlərində insan həm alimlə, həm də vətəndaşla üz-üzə qalırdı. Çünki o, tarixdən danışanda sadəcə faktları sadalamırdı, həmin dövrün ağrıları, sevinc və ümidlərini də dərisində hiss edirdi.

Nəsiman Yaqublunun publisist ruhlu yazıları sadə oxucuya da doğma idi. Çünki o, tarixlə bu günü bağlamağı bacarırdı. O göstərirdi ki, tarix yalnız keçmiş deyil, həm də bu günümüzün güzgüsüdür. Keçmişi anlamaqla gələcəyimizi qurmaq olar- Bu çağırış onun hər əsərində yer alırdı.

O, millətini sevən, tarixini yaşadan, həqiqətləri üzə çıxaran bir alim idi. İndi aramızda yoxdur, amma qoyduğu izlərlə hələ uzun illər yaşayacaq.

Bir ömür boyu tarixin səsini danışdıran insanın səsi bir il öncə qeybə çəkildi. Amma o səs susmadı - kitablarında, tələbələrinin hafizəsində, millətin tarixi yaddaşı və təhtəlşüurunda yaşayır.

Bu gün Nəsiman Yaqublunun yoxluğundan bir il ötür - amma onun varlığı hələ də zehnimizdədir. Çünki Nəsiman Yaqublu heç zaman tarixdən düşmədi, o əsərləri ilə həmişə tarixə düşdü...

Əli Hüseynov


SON XƏBƏRLƏR