Almaniya hökuməti federal kanslerin başçılıq etdiyi Milli Təhlükəsizlik Şurasının yaradılmasını elan edib.
Bakıvaxtı.az xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin yaydığı bəyanatda qərar rəsmən təsdiqlənib.
Məlumata görə, yeni struktur milli maraqların müdafiəsi və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi ilə məşğul olan müxtəlif qurumların səylərinin birləşdirilməsini təmin etmək üçün nəzərdə tutulub.
Şuranın əsas funksiyaları sırasında müdafiə, xarici siyasət, kibertəhlükəsizlik, iqtisadi və informasiya sabitliyi sahələrində tədbirlərin əlaqələndirilməsi daxildir.
Bildirilib ki, Şuranın fəaliyyətinin əsas istiqamətləri milli təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə operativ qərarların qəbulu, orta və uzunmüddətli dövr üçün tədbirlərin strateji planlaşdırılması, o cümlədən mümkün təhdidlərə və böhran vəziyyətlərinə qarşı mübarizə üzrə müntəzəm təlimlərin keçirilməsindən ibarət olacaq.
Şuraya ən mühüm nazirlik və idarələrin rəhbərlərinin daxil olacağı qeyd olunub. Buraya müdafiə naziri, xarici işlər naziri, daxili işlər naziri, iqtisadiyyat və energetika naziri, Ədliyyə Nazirliyinin nümayəndəsi daxildir.
Nəzərə çatdırılıb ki, zəruri hallarda Şuranın işinə regionların, Avropa İttifaqının , NATO-nun , beynəlxalq təşkilatların nümayəndələri, ekspert analitiklər, xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilə bilər.
Mina Mikayılova