Almaniyanın Sol Partiyası ildə 147 milyard avrodan çox gəlir gətirə biləcək sərvət vergisinin bərpasını təklif edir.
Bakıvaxtı.az xəbər verir ki, Sol Partiya uzun müddətdir 1997-ci ildə dayandırılmış sərvət vergisinin yenidən tətbiqinə çağırır. Bu dəfə partiya Almaniya İqtisadi Araşdırmalar İnstitutuna (DIW) müraciət edərək təklifin dövlət büdcələrinə nə qədər vəsait gətirəcəyini hesablatdırıb. İl ərzində bu məbləğ təxminən 147,4 milyard avro təşkil edəcək. Sol Partiyanın hesablamalarına görə, nəzəri baxımdan bu vəsait Bavariyada çatışmayan 470 min mənzilin tikintisini maliyyələşdirməyə imkan verərdi, Türingendə isə uşaq bağçaları və körpələr evlərini ödənişsiz etmək olardı.
Sol Partiyanın təklifinə görə, şəxsi əmlak üçün 1 milyon avro, müəssisələrin aktivləri üçün isə 5 milyon avro həcmində vergidən azad limit müəyyən edilir. Bu məbləğədək fiziki şəxslər sərvət vergisi ödəməyəcək. Bu həddi aşan aktivlərə 1 faiz dərəcə ilə vergi tətbiq olunacaq. Aktivlərin həcmi 50 milyon avronu keçdikdə verginin 5 faizə, 1 milyard avronu aşdıqda isə 12 faizə yüksəldilməsi təklif olunur./Azərtac
Bakı 




