Sankt-Peterburqda yaşlı anasını qətlə yetirdiyini etiraf edən Aleksey Suslov barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıvaxtı.az Rusiya mediasına istindən xəbər verir ki, bu barədə şəhərin birgə mətbuat xidməti məlumat yayıb.
Sankt-Peterburqun Kirovski Rayon Məhkəməsi Suslovu Rusiya Cinayət Məcəlləsinin qətllə bağlı 105-ci maddəsinin birinci hissəsi üzrə təqsirləndirilən şəxs qismində məhkəməyəqədər həbs edib. Onun həbs müddəti noyabrın 8-dək müəyyənləşdirilib.
Məlumata görə, şübhəli sentyabrın 10-da Rosqvardiyanın küçə patruluna təslim olub. İstintaqın ilkin versiyasına əsasən, Suslov həmin tarixdən gec olmayaraq Leninski prospektində yerləşən mənzildə anasını mətbəx bıçağı ilə beş dəfə boynundan vuraraq öldürüb.
Bildirilir ki, qətl anası pul sayarkən törədilib. Suslovun həmin vəsaitin bir hissəsini qumara xərclədiyi, anasının pulun itdiyini aşkar edəcəyindən qorxduğu ehtimal olunur.
Şübhəlinin əvvəllər qətl və soyğunçuluq cinayətlərinə görə məhkum edildiyi, lakin psixi xəstə hesab olunaraq məcburi müalicəyə göndərildiyi qeyd edilir.
Müstəntiqin həbs qərarı ilə bağlı təqdimatında Suslovun rəsmi işinin və daimi gəlir mənbəyinin olmadığı bildirilib. O, cinayətdən sonra Velikiy Novqoroda getməyə də nail olub.
İstintaqın məlumatına görə, şübhəli cinayətin izlərini gizlətməyə çalışıb. O, qətl zamanı geyindiyi paltarları yuyub, divandakı qan ləkələrini təmizləyib, istifadə etdiyi bıçağı zibil qutusuna atıb. Daha sonra anasının cəsədini dondurucuya yerləşdirib.
Murad İsmayıl
















