Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O qeyd edib ki, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, onun Bakı şəhərinə gətirilməsi ilə bağlı tədbirlər görülür:
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ nəzarətə götürülüb. Mərkəzin əməkdaşları tibb müəssisəsində uşaqların yanındadırlar, səhhətiləri ilə yaxından maraqlanırlar. İlkin məlumata əsasən, hadisəni törədən valideyinlər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Baş vermiş hadisə əsnasında valideynlər öz hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməklə yanaşı onların mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verməklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsini kobud şəkildə pozmuşlar".
O bildirib ki, mövcud vəziyyət isə valideynlərin məsuliyyətə cəlb olunması, habelə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə halı ilə nəticələnir.
***
17:55
Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.
Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər.
Uşaq maülicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.
***
17:35
Ağdamda azyaşlı ağır xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.
Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.