Almaniyalı siyasətçi Ursula Fon der Lyayenin sədri olduğu Avropa Komissiyasına qarşı gələn həftə Avropa Parlamentində etimadsızlıq səsverməsi keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola fraksiya rəhbərlərinə məlumat verib.
Rumıniyalı deputat Qeorqe Piperea və sağ partiyalardan olan digər deputatlar Komissiyanı koronavirus böhranı dövründə Ursula Fon der Lyayen ilə ABŞ-ın "Pfizer" şirkətinin rəhbəri arasında aparılmış mesajlaşma ilə bağlı məlumatları bu günədək açıqlamamaqda ittiham edirlər. Bu məsələ ilə bağlı Avropa İttifaqı məhkəməsi də yaxın vaxtlarda belə bir məlumatı gizlətməyin yetərli hüquqi əsaslara söykənmədiyinə qərar verib. Bundan əlavə, təxminən dörd milyard avro dəyərində peyvəndlərin istifadəsiz qalması və Komissiyanın rəqəmsal xidmətlər haqqında qanunun tətbiqi ilə Rumıniya və Almaniyadakı seçkilərə təsir göstərdiyi də iddia olunur.
Təklif qəbul ediləcəyi təqdirdə Komissiya tam tərkibdə istefa verməli olacaq. Lakin belə bir ssenari ehtimal olunmur, çünki bunun üçün həm səslərin üçdə ikisinin, həm də deputatların ümumi sayının əksəriyyətinin razılığı lazımdır.
Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsləri nadir hallarda olur. Sonuncu dəfə 2014-cü ildə sağ populistlər Jan-Klod Yunkerin rəhbərlik etdiyi Komissiyaya qarşı belə bir cəhd göstərmişdilər. Həmin vaxt 101 deputat təşəbbüsün lehinə, 461 nəfər əleyhinə səs vermiş, 88 nəfər bitərəf qalmışdı. Avropa Komissiyasının istefası ilə nəticələnən yeganə hadisə isə 1999-cu ildə baş verib. Jak Santerin rəhbərlik etdiyi Komissiya korrupsiya, idarəetmədə pozuntular ilə bağlı tənqidi hesabatdan sonra istefa vermişdi.