Avropa Mərkəzi Bankı 2023-cü ilin sentyabrından sonra ilk dəfə əsas faiz dərəcəsini artırıb.
Bakıvaxtı.az xəbər verir ki, bankın rəhbər şurasının qərarına əsasən, faiz dərəcəsi 0,25 faiz bəndi qaldırılaraq 2,25 faizə çatdırılıb. Qərar analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.
Faiz artımı Körfəz regionundakı müharibə fonunda baş verən neft qiymətlərinin yüksəlməsi nəticəsində Avrozonada inflyasiya təzyiqlərinin artması ilə izah olunur. Avropa İttifaqının Statistika İdarəsinin - Avrostatın ilkin hesablamalarına görə, mayda inflyasiya 3,2 faiz təşkil edib ki, bu da bankın 2 faizlik hədəfindən xeyli yüksəkdir.
Eyni zamanda, Mərkəzi Bank Avrozonada iqtisadi artım proqnozunu da azaldıb. Yenilənmiş proqnoza əsasən, 2026-cı ildə orta iqtisadi artım 0,8 faiz təşkil edəcək. Mart ayında bu göstərici 0,9 faiz səviyyəsində qiymətləndirilirdi.
Qərar biznes dairələrində və həmkarlar ittifaqları təşkilatları tərəfindən tənqidlə qarşılanaraq, faiz artımının iqtisadiyyata əlavə təzyiq yaradacağından narahatlıq ifadə olunub.
Bakı 



