Xəbər verdiyimiz kimi, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılaşıblar.
“Brüssel görüşü elan olunan kimi Rusiya mətbuatı birmənalı şəkildə hər iki tərəfə hücuma keçdi. Həm Azərbaycanı, həm də Ermənistanı müəyyən məsələlərdə günahlandırdı ki, üçtərəfli bəyanat qəbul olunub və Rusiya burada sülhməramlı statusundadır. Amma Rusiyanı bir növ başının üstündən görülən bir iş kimi dəyərləndirənlər də oldu, hətta Rusiyaya xəyanətdə də ittiham edənlər də oldu”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
O, qeyd edib ki, Avropa İttifaqı Azərbaycana və Ermənistana başqa bir variant – bu ölkələrin Rusiyanın nəzarətindən çıxmasını təklif edir: “Hazırda Azərbaycan üçün Soçidə keçiriləcək danışıq daha sərfəlidir, nəinki Avropa Şurasında. Çünki Azərbaycan buradan daha çox siyasi divident götürə bilər. Bu Rusiyanın vasitəsilə sülh müqaviləsinin bağlanmasıdır, Azərbaycan sərhədlərinin tanımasıdır. Bütün bunların fonunda Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınandan sonra birmənalı şəkildə artıq Qarabağ münaqişəsi Ermənistan üçün aktual olmayacaq. Ona görə də Soçi görüşündə bu tip danışıqların olacağına inanıram. Burada Azərbaycan üçün pis bir şey görmürəm. Azərbaycan prezidenti peşəkar bir siyasətçidir, yəni Azərbaycan maraqları üçün çox gözəl oynayır. Siyasi oyundan söhbət gedir və o Avropada Avropa Şərq tərəfdaşlıqla bağlı olan görüşdə də Azərbaycan prezidenti yenə Azərbaycan maraqlarına uyğun olaraq hərəkət edəcək.
Əsas məsələ bu cümə günü keçirilən görüşdə masaya konkret hansı məsələlər yatızdırılacaq, söhbət Qarabağdan getmir. Çünki bu üçtərəfli sazişin yerinə yetirilməyən hissələri var. Xüsusilə Ermənistan orada həm Zəngəzur dəhlizinə fikir bildirməlidir, həm silahlı qüvvələr Qarabağın ərazisindən çıxarılmalı idi, həm də ora BMT-nin missiyası çərçivəsində qaçqınların yerləşdirilməsi məsələsi müzakirə olunurdu. Bu bəndlərin bir hissəsi yerinə yetirildi, amma bu sadaladıqlarım hələki yerinə yetirilməyib. Burada təbii ki, Rusiya sülhməramlılarının da günahı var. Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Yəni bir növ Azərbaycanın əlində kifayət qədər siyasi kartlar var ki, İlham Əliyev ondan yararlanacaq və indiki zamanda biz həm Rusiya, həm də Avropa Şuras ilə münasibətlərimizi yerində saxlamalıyıq”.
Politoloq deyib ki, Azərbaycan cəmiyyət Soçi görüşünü birmənalı qarşılamaya bilər: “Çünki bəziləri burada Rusiyanı ittiham edəcək, bəziləri digərini. Azərbaycan dövləti öz maraqlarına uyğun olaraq hərəkət edir. Azərbaycan vətəndaşların başa düşürəm. Amma bir xatırlatma etmək istəyirəm. Çörçilin çox ağıllı bir fikri var. Deyir: “Bir dəlilər, bir də ölülər fikirlərini dəyişmir. Siyasətçilər fikrin dəyişmirsə, o, siyasətçi deyil”.
Ramid İbrahimov
















