q
  • Bakı 13° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Azərbaycan–İtaliya: Strateji tərəfdaşlıq sürətlə inkişaf edir

SİYASƏT

06 May 2026 | 12:54

Azərbaycan–İtaliya: Strateji tərəfdaşlıq sürətlə inkişaf edir

Bu gün Azərbaycan ilə İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək dinamik və çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında formalaşmış qarşılıqlı etimad mühiti, yüksək səviyyəli siyasi dialoq və intensiv əməkdaşlıq əlaqələrin sürətlə genişlənməsinə mühüm zəmin yaradır.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Son illərdə qarşılıqlı səfərlərin intensivliyi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti bir neçə dəfə İtaliyaya rəsmi və işgüzar səfərlər edib, eyni zamanda İtaliya Respublikasının Prezidenti və Baş naziri Azərbaycana səfərlər həyata keçiriblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirib və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib.

Həmsöhbətimiz qeyd  edib ki, bu gün Azərbaycan və İtaliya arasında əlaqələr təkcə siyasi sahə ilə məhdudlaşmır. İqtisadi əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin enerji sektorunda mühüm tərəfdaşdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayaraq təbii qaz və neft ixracını genişləndirir və bu prosesdə İtaliya xüsusi yer tutur. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya, o cümlədən İtaliyaya nəqli strateji əhəmiyyət daşıyır.

Ceyhun Məmmədov, deputat

"Bununla yanaşı, təhsil sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycanda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elmi və akademik əlaqələrin genişlənməsinə, gənc mütəxəssislərin hazırlanmasına və beynəlxalq təcrübənin paylaşılmasına töhfə verir. Bu cür təşəbbüslər gələcək əməkdaşlıq üçün möhkəm insan kapitalı formalaşdırır",- deyə C.Məmmədov əlavə edib.

Deputat söyləyib ki, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsi, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri regional və beynəlxalq təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mədəniyyət, turizm, humanitar və digər sahələrdə əlaqələr də genişlənməkdədir ki, bu da xalqlar arasında qarşılıqlı anlaşmanı daha da gücləndirir:

"Azərbaycan ilə İtaliya arasında münasibətlər davamlı inkişaf edən, qarşılıqlı maraqlara əsaslanan və gələcəyə yönəlmiş əməkdaşlıq modelidir. Qarşılıqlı səfərlər, imzalanan mühüm sənədlər və həyata keçirilən birgə layihələr göstərir ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək və yeni mərhələyə qədəm qoyacaq.Bu gün Azərbaycan artıq beynəlxalq arenada nüfuzunu gücləndirən, müxtəlif ölkələrin rəhbərlərinin mütəmadi səfər etdiyi, sabitlik və inkişaf nümunəsi kimi çıxış edən bir dövlətə çevrilib. Bu isə ölkənin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər".

Murad İsmayıl


SON XƏBƏRLƏR

05 May 2026