Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə vahid tarifin tətbiqinə razılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.
Baş nazir deyib ki, Orta dəhliz Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut kimi artıq özünü təsdiqləyib: “Azərbaycan və Gürcüstan bu strateji nəqliyyat dəhlizinin formalaşması və inkişafında aparıcı mövqe tutur. Ölkələrimiz həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Orta dəhlizin ən mühüm iştirakçıları sırasındadır. Biz bu istiqamətdə səylərimizi birləşdirərək, dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq. Liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr bu əməkdaşlığın bariz nümunələridir. Görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90% artıb ki, bu, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb, 15 günə enib. Azərbaycan və Gürcüstan təkcə fiziki infrastrukturun deyil, həm də inzibati və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində vahid tarif siyasətinin formalaşdırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqi istiqamətində mühüm addımlar atırıq. Bunun təsdiqi olaraq bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər. Bundan əlavə, Tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun təkmilləşdirilməsi, mövcud darboğazların aradan qaldırılması, rəqəmsallaşdırmanın genişləndirilməsi və dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün birgə addımlar atmağa razılaşıblar. Əminik ki, birgə səylərimiz regionun nəqliyyat və logistika potensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsinin və investisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək”.