• Bakı 25° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

"Bu, Azərbaycan və Özbəkistanın iqtisadi maraqlarını daha da uzlaşdırır" - Politoloq 

SİYASƏT

25 Avqust 2026 | 17:30

"Bu, Azərbaycan və Özbəkistanın iqtisadi maraqlarını daha da uzlaşdırır" - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisədir.

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a açıqlamasında Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyətindən danışarkən bildirib.

Şəbnəm Həsənova

Müsahibimizin fikrincə, səfər ilk növbədə Azərbaycan və Özbəkistan arasında siyasi əlaqələrin yüksək səviyyəsini nümayiş etdirir.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında formalaşmış qarşılıqlı etimad və strateji tərəfdaşlıq real sənədlər, konkret təşəbbüslər və birgə layihələrlə daha da möhkəmləndirilir:

“Bu baxımdan səfər zamanı "Əbədi Dostluq" haqqında Müqavilənin imzalanması xüsusi siyasi əhəmiyyət daşıyır. Sözügedən sənəd göstərir ki, Bakı ilə Daşkənd arasındakı münasibətlər keçici və qısamüddətli maraqlarla məhdudlaşmır. Əksinə, bu əlaqələr uzunmüddətli dostluq, qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulur”.

Politoloq qeyd edib ki, uzaqgörən liderlər iki dövlət arasında əlaqələrin gələcək nəsillər üçün də davamlı və dayanıqlı olmasını təmin edən siyasi-hüquqi çərçivə formalaşdırırlar:

“Bu münasibətlərin təməlində yalnız dövlətlərarası siyasi iradə deyil, Azərbaycan və Özbəkistan xalqlarını bir-birinə yaxınlaşdıran tarixi və mənəvi bağlar da dayanır. Hər iki xalq ortaq kökə, zəngin mədəni irsə və əsrlər boyu formalaşmış tarixi əlaqələrə sahibdir. Məhz bu möhkəm tarixi zəmin üzərində bu gün dövlətlərarası münasibətlər də sürətlə inkişaf edir”.

Ş.Həsənovanın sözlərinə görə, səfərin digər mühüm istiqaməti iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geosiyasi və iqtisadi mövqeyə malikdir və bu imkanlar bir-birini tamamlayır.

“İki ölkə arasındakı əməkdaşlığın əhəmiyyəti yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, daha geniş regional proseslərə də təsir göstərir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi, Xəzər dənizi üzərindən daşımaların artırılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi Azərbaycan və Özbəkistanın iqtisadi maraqlarını daha da uzlaşdırır. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantısı rolunu oynayır”, – deyə politoloq vurğulayıb. 

Ş.Həsənova humanitar və mədəni əməkdaşlığın da Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Daşkənddə Azərbaycanla bağlı mədəni layihələrin həyata keçirilməsi, Nizami Gəncəvinin adının əbədiləşdirilməsi və digər təşəbbüslər iki xalq arasında mövcud olan mənəvi yaxınlığın göstəricisidir.

Politoloq əlavə edib ki, bu addımlar dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, xalqlar arasında dərin mənəvi bağlara da söykəndiyini nümayiş etdirir.

“Azərbaycan Prezidentinin Özbəkistana səfəri başdan-başa Bakı və Daşkəndin qarşılıqlı münasibətlərə verdiyi yüksək siyasi dəyərin göstəricisi kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərilən xüsusi diqqət və qayğı, eyni zamanda, Azərbaycan xalqına verilən yüksək dəyərin ifadəsidir.

Bu səfərlə bir daha nümayiş olundu ki, dövlət rəhbərimiz və birinci xanımımız Azərbaycan xalqının maraqlarını ən ali dəyər olaraq uca tuturlar. Azərbaycan-Özbəkistan əməkdaşlığının dərinləşməsi Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsinə mühüm töhfə verir. Bakı ilə Daşkənd arasında getdikcə möhkəmlənən tərəfdaşlıq gələcəkdə yalnız ikitərəfli münasibətlərin deyil, daha geniş regional əməkdaşlıq platformalarının da əsas dayaqlarından birinə çevrilə bilər”, – deyə Ş.Həsənova fikrini sonlandırıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR