Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) İskele rayon bələdiyyəsinin təşkilatçılığı ilə “Bizim sevgimiz – sizin sevginizdir” adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti təmsil edib.
Bu barədə Bakıvaxtı.az-a Cəmiyyətin rəhbəri Orxan Həsənoğlu bildirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində Azərbaycan da daxil olmaqla, dünyanın 21 ölkəsinin mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş stendlər təşkil olunub.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və ölkənin turizm naziri Fikri Ataoğlu festival iştirakçılarına müraciət ediblər.
Prezident Ersin Tatar çıxışında Kipr türklərinin zəngin tarixinə diqqət çəkib, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.
E.tatar vurğulayıb ki, ŞKTC Şərqi Aralıq dənizində mədəniyyət və insan hüquqlarına dəyər verilən və hörmət edilən müstəqil türk dövlətidir. Kipr türkləri dünyanın bütün ölkələri ilə dialoqa hazırdır.
Dövlət başçısı ölkəmizə həsr edilmiş kitabların, broşürlərin, kataloqların, eləcə də suvenirlərin təqdim olunduğu Azərbaycan stendi ilə tanış olub.
Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.