• Bakı 12° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Azərbaycan və AŞ: İnsan hüquqları yolunda tərəfdaşlıq

SİYASƏT

10 Oktyabr 2024 | 16:33

Azərbaycan və AŞ: İnsan hüquqları yolunda tərəfdaşlıq

Avropa Şurası Avropada insan hüquqlarını qorumaq, hüquqi dövlət qurmaq və demokratik dəyərləri yaymaq məqsədilə fəaliyyət göstərən qitənin ən önəmli təşkilatlarından biridir.

1949-cu ildə əsası qoyulan bu təşkilatın əsas prioritetləri sırasında insan hüquqları, sosial ədalət və qanunun aliliyi var. Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və bu üzvlük insan hüquqları sahəsində beynəlxalq öhdəliklər götürməsi ilə yanaşı, Avropa İnsan Haqları Konvensiyasına (AİHK) uyğunlaşmaq üçün mühüm islahatlar həyata keçirməyi də tələb edir.

Bəs ölkəmizdə bu səpkidə hansı addımlar atılır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən beynəlxalq münasibətlər üzrə mütəxəssis Fərid Dəmirov bildirib ki, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının ən vacib məqsədi insan hüquqlarının qorunmasını təmin edən müasir hüquqi və institusional bazanın qurulması, məhkəmə islahatlarının aparılması və ölkədəki demokratik institutların möhkəmləndirilməsidir. Onun fikrincə, bu əməkdaşlıq ölkənin qanunvericiliyində Avropa İnsan Haqları Konvensiyasının müddəalarına uyğun dəyişikliklər etməyə şərait yaradır. Bu çərçivədə Azərbaycan insan hüquqlarının qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, ifadə azadlığı və hüquqi islahatların həyata keçirilməsi sahələrində müxtəlif proqram və layihələr icra etmişdir. Avropa Şurasının Azərbaycanla əməkdaşlığının məqsədi ölkənin insan hüquqları sahəsində beynəlxalq standartlara uyğunlaşmasını sürətləndirmək və onun demokratik inkişafını dəstəkləməkdir.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanın Avropa Şurası ilə əlaqələri çərçivəsində insan hüquqları müdafiəsi sahəsində nəzərəçarpan irəliləyişlər yetəri qədər çoxdur, həmçinin, bəzi sahələrdə hələ də inkişaf üçün geniş imkanlar var:

"Qanunun aliliyinin təmin olunması, məhkəmələrin müstəqilliyinin artırılması və məhkəmə sistemində şəffaflığın yüksəldilməsi kimi sahələrdə Azərbaycan öz öhdəliklərini davam etdirərək mühüm addımlar atmalıdır. Bu məsələlərdə Avropa Şurası Azərbaycanın qarşısında müəyyən hədəflər qoyur və təşkilatın ekspertləri ilə birgə həyata keçirilən proqramlar bu sahələrdə inkişafı dəstəkləyir".

Fərid Dəmirov, siyasi ekspert

Fərid Dəmirov açıqlamasında Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi, məhkəmə islahatları, ifadə və söz azadlığı sahələrində də müxtəlif öhdəliklər götürdüyünü diqqətə çatdırıb:

"Bu məqsədlərə nail olmaq üçün ölkə qanunvericiliyində bir sıra islahatlar aparılmış və müxtəlif hüquqi sənədlər qəbul edilmişdir. Məsələn, son illərdə gender bərabərliyi və ailə zorakılığı ilə mübarizə sahəsində yeni qanunlar qəbul olunmuş və ölkədə qadın hüquqlarının müdafiəsi gücləndirilmişdir. Bununla yanaşı, Azərbaycan ifadə və media azadlığının təmin edilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirmişdir".

Müsahibimiz nəzərə çatdırıb ki, AŞ ilə əməkdaşlıq Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə yanaşı, demokratik institutların möhkəmləndirilməsinə də müsbət təsir göstərmişdir. Dediyinə görə, bu əməkdaşlıq çərçivəsində keçirilən təlimlər, seminarlar və ekspert dəstəyi ölkənin dövlət idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə həyata keçirilən tədbirlər sırasında xüsusi yer tutur. Avropa Şurasının Bakı ofisinin fəaliyyəti, müxtəlif maarifləndirici tədbirlərin və seminarların keçirilməsi, həmçinin dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının təcrübə mübadiləsi imkanlarının genişlənməsi Azərbaycanın demokratiya və insan hüquqları sahəsində qabaqcıl təcrübələri tətbiq etməsinə imkan yaradıb:

"Bu əməkdaşlığın digər mühüm bir aspekti isə Azərbaycanın beynəlxalq imicinin güclənməsidir. Avropa Şurası ilə əlaqələr ölkənin Avropa ictimaiyyəti tərəfindən tanınması və onun demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə uyğunlaşması istiqamətində mühüm bir simvolik addım olaraq qiymətləndirilir. Azərbaycanın Avropa Şurasının dəyərlərinə uyğunlaşmaq üçün apardığı islahatlar ölkənin beynəlxalq münasibətlərdəki mövqeyini daha da gücləndirir və onun regionda güvənli tərəfdaş kimi qəbul edilməsinə töhfə verir".

Son olaraq müsahibimiz Azərbaycanın Avropa Şurası ilə insan hüquqları sahəsində əməkdaşlığının gələcək perspektivləri daha çox islahatların aparılmasını və bu istiqamətdə inkişafı tələb etdiyini deyib.

"Hələ də həll edilməli olan bəzi məsələlər var. O cümlədən, hüquq sistemində bəsi islahatlar Azərbaycan üçün prioritet sahələrdəndir. Bu kontekstdə Avropa Şurası ilə əməkdaşlıq gələcəkdə Azərbaycanın daxili siyasətində daha böyük rol oynayacaq və ölkənin insan hüquqları və demokratik institutlar sahəsində inkişafını dəstəkləyəcək",- Fərid Dəmirov fikrini yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Noyabr 2024