Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq tenderləri ləğv edib.
Bakıvaxtı.az xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan məlumata görə, 2024-cü ilin avqustunda elan olunmuş tenderlərə həm tikinti işləri, həm də layihəyə nəzarət xidmətlərinin satınalması daxil idi.
Sənədlərdə tenderlərin ləğv edilməsinin əsas səbəbi kimi satınalmalarda rəqabətin aşağı olması göstərilib.
Məlumata görə, Rustavi–Tsiteli körpüsü və Algeti–Sadaxlı yol hissələri Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin bir hissəsini təşkil edir.
Layihə çərçivəsində ümumi uzunluğu 61,3 kilometr olan 4 zolaqlı və işıqlandırma sistemi ilə təchiz edilmiş beton sürətli yolun tikintisi planlaşdırılırdı. Bundan əlavə, layihə əsasında 26 körpü və 11 nəqliyyat qovşağının inşası nəzərdə tutulmuşdu.
Bu çərçivədə işlər dörd hissəyə bölünmüşdü və əvvəlki planlara əsasən, 2025-ci ildə başlanmalı olan tikinti işlərinin 30 ay ərzində mərhələli şəkildə tamamlanması planlaşdırılırdı.
Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankı və Gürcüstan hökuməti tərəfindən birgə həyata keçirilirdi. Bank bu məqsədlə layihəyə 250 milyon avro kredit ayırmışdı./Report
Bakı 




