Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İspaniyanın diplomatik, hökumət və akademik dairələri arasında dialoqu təşviq edən "Ágora Diplomática" platforması arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Bakıvaxtı.az-a BMTM-dən məlumat verilib.
Bildirilib ki, memorandum BMTM nümayəndə heyətinin İspaniyanın Barselona şəhərinə səfəri çərçivəsində imzalanıb:
"Azərbaycanın İspaniyadakı səfirliyinin və "Ágora Diplomática" platformasının dəstəyi ilə baş tutan səfər çərçivəsində Mərkəzin nümayəndələri bir sıra akademik qurumlarla məhsuldar görüşlər keçirib, Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı təqdimatlarla çıxış edib".
Qeyd olunub ki, səfərin ilk günü CEI – Beynəlxalq Münasibətlər Məktəbinin (Diplomatik Məktəb) tələbələri ilə görüş keçirilib:
"Görüş zamanı Azərbaycan - Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Cənubi Qafqaz regionunda baş verən son geosiyasi proseslər müzakirə olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb".
Vurğulanıb ki, Abat Oliba CEU Universitetinin tələbələri ilə keçirilən görüş çərçivəsində BMTM nümayəndələri Azərbaycanın xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanları barədə təqdimatlarla çıxış edib.