Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 232,5 milyon manat kredit verilib ki, bunun da 67 milyon manatlıq hissəsi güzəştli ipoteka kreditləri olub.
Bakıvaxtı.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında verilmiş adi ipoteka kreditlərinin hesabına 1 483, güzəştli ipoteka kreditlərinin hesabına isə 789 vətəndaşın və yaxud ailənin mənzil şəraiti yaxşılaşıb.
6 ay ərzində verilmiş kreditlərin orta məbləği 102 340 manat təşkil edib.
Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3,55 milyard manatlıq kredit verilib ki, bu da 54,8 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.
Bu il iyulun 1-nə Fond şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 116,8 milyon manat məbləğində 1 294 ipoteka krediti üzrə zəmanət verib.