• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Azərbaycanda ildırım-dolu hadisələrinin baş vermə intensivliyi artıb

CƏMİYYƏT

02 Iyul 2024 | 14:27

Azərbaycanda ildırım-dolu hadisələrinin baş vermə intensivliyi artıb

Bu ilin iyun ayında ölkə ərazisində mürəkkəb hava şərait müşahidə olunub. Ay ərzində xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar yağıb və tez-tez təkrarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Abşeron yarımadasında isə ay ərzində maksimal yağıntı iyunun 27-də qeydə alınıb, Sumqayıta 25 millimetrə qədər yağıntı düşüb. Son 10 ilin müşahidə məlumatlarına əsasən, belə intensiv yağış 2011-ci ilin iyunun 9-da qeydə alınıb, Bakıya 14, Sumqayıta isə 26 millimetr yağıntı düşüb.

N.Mahmudov bildirib ki, son dövrlər ölkə ərazisində ildırım-dolu hadisələrinin baş vermə intensivliyi artıb, həmçinin əhatə dairəsi genişlənib. Ötən ilin iyun ayında 43 dəfə dolu düşdüyü halda, bu ilin iyununda 59 dəfə dolu hadisəsi qeydə alınıb.

Xidmət rəisi qeyd edib ki, iyun ayı yüksək temperatur rejimi ilə də fərqlənib. Ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub. İyun ayı ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. Orta aylıq temperatur 27.4° isti təşkil edib ki, bu da iqlim normasından 4.4° yüksək olsa da, rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən, ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41°, bölgələrdə isə 43°-dək yüksəlib.

“İyun ayının ayrı-ayrı günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında iyun ayında sürəti 15 metr/saniyədən çox olan küləkli günlərin sayı 6 olub, şimal-qərb küləyinin maksimal sürəti saniyədə 30 metrədək güclənib. Bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin sürəti 15 metrdən çox olub, maksimal sürəti arabir saniyədə 30 metrə çatıb”, - deyə N.Mahmudov qeyd edib.


SON XƏBƏRLƏR