• Bakı 13° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Azərbaycanda könüllülük fəaliyyəti: Bu gənclər daha qabaqcıl olur

CƏMİYYƏT

23 Oktyabr 2024 | 17:12

Azərbaycanda könüllülük fəaliyyəti: Bu gənclər daha qabaqcıl olur

“Azərbaycanda uzun illərdir ki, gənclər siyasəti uğurla həyata keçirilməkdədir”.

Bunu Bakıvaxtı.az-a deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti prezident İlham Əliyevin rəhbərliyi dövründə də uğurla davam etdirilir:

"Gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunub, gənclərin Vətənə, xalqa, millətə sevgi aşılanmasına önəm verilib. Gənclərimizin daha yaxşı təhsil alması, savadlı, bilikli olması üçün həm orta, həm də ali təhsil müəssisələrinin potensialı daha da gücləndirilib. Bu sahədə çoxlu islahatlar aparılıb. Bununla yanaşı, gənclərin qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərməsi, təklif etdikləri layihələrin, ideyaların reallaşdırılması istiqamətində bir çox imkanlar və şərait yaradılıb, gənclərin könüllülük fəaliyyətində aktiv iştirakı hər zaman dəstəklənib”.

Deputat qeyd edib ki, ümumilikdə gənclərin məhz könüllü fəaliyyətə maraq göstərməsi, bilik və bacarıqlarının artırılması, təcrübə toplaması dünya praktikasında mövcuddur. Bu praktika Azərbaycanda da uğurla tətbiq edilir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan könüllüləri yaxından iştirak edir, əldə etdikləri təcrübəni sonrakı iş yerlərində uğurla dəyərləndirlər.

Naqif Həmzəyev, deputat

N.Həmzəyev bəyan edib ki, Azərbaycanda çoxlu sayda gənclər təşkilatları var, eyni zamanda könüllü fəaliyyətlə birbaşa məşğul olan təşkilatlar da mövcuddur:

"Müxtəlif yaş qrupundan olan gənclərin könüllü fəaliyyətə cəlb edilməsi, hədəflənməkdədir. Könüllülük prinsipi ilə fəaliyyət göstərən, öz bilik və bacarığını artıran gənclər digər gənclərdən daha qabaqcıl olur. Könüllülük fəaliyyəti ilə məşğul olan gənclər daha vətənpərvər olurlar, vətəndaşlıq borcunu yerinə yetirərkən ictimai proseslərdə öncül sıralarda durur, töhfə verməyə çalışırlar”.

“Bir sözlə, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir və bu siyasətin tərkib hissəsi olaraq könüllülük fəaliyyəti də uğurla yayılmaqdadır. Gənclərin bu prosesə maraq göstərməsinin ən əsas səbəbi onların bilik və bacarığının artırılması üçün əla şəraitin yaradılmasıdır", - deyə Naqif  Həmzəyev əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR