Bu gündən Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov mərkəzin yerləşdiyi Yeni Klinikaya təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən gün baş tutan açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Mediaturda mətbuat nümayəndələri ayrı-ayrılıqda Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri ilə tanış olub. Onlara burada yaradılan şərait, göstərilən tibbi xidmətlərlə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, 3600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi, Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.
Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.
Zeynəb Rzayeva
Bakı 



