q
  • Bakı 10° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Azərbaycanda sel və daşqınlar ola bilər? - Direktor DANIŞDI

CƏMİYYƏT

23 Aprel 2026 | 16:26

Azərbaycanda sel və daşqınlar ola bilər? - Direktor DANIŞDI

Son günlər Kür çayı hövzəsində yağıntıların artması və su səviyyəsinin yüksəlməsi bölgədə daşqın riskini yenidən gündəmə gətirib.Bir neçə rayonda çayın məcrasından çıxması kənd təsərrüfatı sahələrinə və yaşayış məntəqələrinə təsir göstərir.

Mütəxəssislər isə vəziyyətin davam edib-etməyəcəyi ilə bağlı hələlik dəqiq tarix deməyin çətin olduğunu bildirirlər. Suyun səviyyəsinin azalması üçün yağıntıların zəifləməsi və hidroloji şəraitin sabitləşməsi əsas şərt kimi göstərilir.

Hazırda isə əsas sual dəyişməz qalır: Kürdə daşqınlar nə vaxt səngiyəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Coğrafiya İnstitutunun direktoru Zaur İmrani Kür çayının səviyyəsinin qalxmasının birbaşa sel və daşqınların yaranmasına səbəb olmadığını bildirib:

"Onun sözlərinə görə, sel və daşqınlar daha çox iqlim və hava şəraiti ilə bağlı proseslərdən formalaşır. Xüsusilə hövzə ərazilərində qısa müddətdə intensiv və aramsız yağan güclü yağışlar torpağın suyu udma qabiliyyətini zəiflədir və nəticədə su kütləsi sürətlə axaraq sel hadisələrinə səbəb olur".

Ekspert qeyd edib ki, bu cür sel hadisələri çayların yuxarı axarlarında baş verdikdə, aşağı axarlara doğru hərəkət edərək daşqınlara çevrilə bilər. Aşağı axarlarda isə çay səviyyəsinin qəfil yüksəlməsi ətraf ərazilərin subasma riski ilə üzləşməsinə gətirib çıxarır. Onun sözlərinə görə, bu proseslər təbii xarakter daşıyır və əsasən yağıntıların miqdarı və intensivliyi ilə bağlıdır.

Zaur İmrani: Qlobal iqlim dəyişiklikləri isə bu prosesə təsir edərək yağıntıların miqdarında və paylanmasında kəskin dəyişikliklər yaradır

Bundan əlavə, mütəxəssis yaz aylarında baş verən daşqınların digər mühüm səbəbinin qar və buzlaqların sürətlə əriməsi olduğunu vurğulayıb. Temperaturun kəskin artması nəticəsində ərimə prosesi sürətlənir və bu da çaylarda suyun həcmini artıraraq daşqın riskini yüksəldir.

Yağıntıların nə vaxt tamamilə dayanacağı ilə bağlı suala cavab verən ekspert bunun elmi baxımdan mümkün olmadığını bildirib:

"Yağıntılar təbiətin davamlı dövri prosesidir və onları yalnız orta aylıq, illik və uzunmüddətli iqlim göstəriciləri əsasında qiymətləndirmək mümkündür. Qlobal iqlim dəyişiklikləri isə bu prosesə təsir edərək yağıntıların miqdarında və paylanmasında kəskin dəyişikliklər yaradır.Son illərdə bəzi bölgələrdə normadan bir neçə dəfə artıq yağıntıların düşməsi daha tez-tez müşahidə olunur və bu tendensiya iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirilir".

Əli Hüseynov


SON XƏBƏRLƏR