Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVID-19 virusunun yeni ştamı (“JN.1”) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən” variantlar siyahısına daxil edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu dəyişiklik yeni ştamın Şimal yarımkürəsində rastgəlmə tezliyinin gün keçdikcə artması nəticəsində olub.
ÜST-də mövcud olan məlumatlar göstərir ki, “JN.1”in yaratdığı əlavə qlobal ictimai sağlamlıq riski hazırda aşağı səviyyədə qiymətləndirilir.
Buna baxmayaraq, Şimal yarımkürəsində qışın başlaması ilə “JN.1” bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər.
Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, koronavirusun yeni variantı, təxminən, 15 ölkədə yayılıb: "Bu, daha sürətli yoluxma ehtimalı olan ştam kimi görünür, amma xüsusiyyətləri tam olaraq bəlli deyil. ÜST çox insan olan yerlərə girərkən maska taxmağı məsləhət görür. Lakin panikaya ehtiyac yoxdur, sadəcə koronavirusun yeni ştamlarında biridir".
"Variantın Azərbaycana gəlmə ehtimalı ola bilər. Digər ştamlar kimi gələ, hətta dominant da ola bilər, ancaq virulent potogenliyi yüksək olan virus olmadığından qorxmağa ehtiyac yoxdur", - deyə həkim qeyd edib.
Aytac Aslan
















