Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü olub. Azərbaycanın Afrika ölkələri ilə, xüsusən də Efiopiya ilə diplomatik təmaslarının intensivləşməsi Bakının xarici siyasətində yeni coğrafi istiqamətin formalaşdığını göstərir. Yüksək səviyyəli görüşlər və qarşılıqlı siyasi dialoq bu münasibətlərin artıq formal çərçivədən çıxaraq strateji əməkdaşlıq mərhələsinə keçdiyini deməyə əsas verir.
Bu kontekstdə Azərbaycanın Afrika ilə yaxınlaşmasının ölkənin uzunmüddətli xarici siyasətinə mümkün təsirləri və yaratdığı üstünlüklər aktuallaşır.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın son illər həyata keçirdiyi xarici siyasət aktiv mərhələyə daxil olub. Azərbaycan yalnız Qərb və Şərq istiqamətində deyil, eyni zamanda türk dünyası, Yaxın və Orta Şərq ölkələri ilə yanaşı, son illərdə Afrika istiqamətində də münasibətlərin inkişafı üçün ciddi addımlar atır. Bu baxımdan Efiopiya baş nazirinin Azərbaycana səfəri Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ kimi qiymətləndirilə bilər.

Oqtay Qasımov: Dünya siyasətində Afrikanın rolu getdikcə artır
Politoloqun sözlərinə görə, nəzərə alsaq ki, Efiopiya həm strateji, həm də tarixi mövqeyinə görə Afrika qitəsində mühüm ölkələrdən biridir, bu dövlətlə əlaqələrin inkişafı hər iki tərəfin maraqlarına uyğundur. Efiopiya eyni zamanda qədim sivilizasiyalara sahib ölkə kimi tanınır:
"Ümumiyyətlə, Azərbaycanın son illər Afrika ilə əlaqələrinin genişlənməsi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi dövründə apardığı fəal siyasətlə də bağlıdır. Paralel olaraq dünya siyasətində Afrikanın rolu getdikcə artır, qitəyə maraq güclənir və Afrika ilə əməkdaşlıq bir çox dövlətlərin strateji maraqlarına cavab verir.
Bu baxımdan, Azərbaycan tərəfindən bu istiqamətdə fəaliyyətin genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi həm milli maraqlardan, həm tarixi əlaqələrdən qaynaqlanır, həm də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq ehtiyacından irəli gəlir".
Zeynəb Rzayeva
Bakı 




