"Məkr, riyakarlıq siyasətini tutan dövlətin sonu heç vaxt yaxşı bitməyib. İran parlamentinin qəbul etdiyi Bəyanata fikir verdikdə, şər, böhtan, riyakarlığın şahidi oluruq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.
Vitse-spiker deyib ki, İran Azərbaycanın İsraildə səfirlik açmasından narahatdır. Onun sözlərinə görə, Azərbaycanın İsraillə diplomatik əlaqələri onu özündən çıxarıb:
"Hətta o qədər özündən çıxıb ki, bizim daxili işimizlə bağlı İran parlamenti Bəyanat qəbul edib. Məgər indiyə kimi, heç bir müsəlman dövləti İsraillə diplomatik əlaqələr qurmayıb? Bəs İranın xristian dövləti olan Ermənistanla əlaqəsi niyə hələ də davam edir? Riyakarlığın dərəcəsinə baxın”, - deyə Fəzail İbrahimli qeyd edib.
Nuranə Daxilqızı
















