• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycanın sülh çağırışları: COP29 zamanı atəşkəs elan olunarsa…

SİYASƏT

07 May 2024 | 13:56

Azərbaycanın sülh çağırışları: COP29 zamanı atəşkəs elan olunarsa…

"Azərbaycan dövləti Rusiya-Ukrayna müharibəsinin, o cümlədən Qəzza bölgəsində yaşanan qırğınların dayanmasını çox istəyir".

Bu sözləri ölkəmizin geosiyasi aləmdə baş verən hadisələrə münasibətini şərh edən deputat Zahid Oruc Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, son on illər ərzində Azərbaycan dövləti həm bölgədə, həm də beynəlxalq aləmdə əməkdaşlıq üçün ortaya iradə qoyub. Bu iradəni ölkəmizin Kosovadakı hərbi qüvvələr tərkibində olmağından tutmuş Əfqanıstan arealındakı missiyalarda iştirakı da sübut edir.

"Digər tərəfdən, bu gün qonşu dövlətlərin beynəlxalq aləmdə hansı vəziyyətdə olduğu hər kəsə məlumdur. İran-ABŞ, İran-Qərb münasibətlərində gərginlik yaşanır, son iki ildə Rusiyaya qarşı qlobal sanksiya və embarqolar tətbiq olunur. Belə bir şəraitdə Azərbaycan dövlətinin yürütdüyü siyasət tərəflərin anlaşmaya gəlməsindən, hərbi əməliyyatlardan imtina və kütləvi insan qırğınlarından geri durmaqdan ibarətdir. Vaxtilə ölkəmizdə ABŞ və Rusiya generallarının, Nato və Rusiya hərbi rəhbərlərinin görüşünün təşkil olunması, həmçinin müəyyən dövrlərdə Bakının dialoq və mədəniyyətlərarası danışıqlar üçün toqquşmalardan kənar bir məkan kimi seçilməsi faktları danılmazdır".

Zahid Oruc vurğulayıb ki, əslində Qarabağ savaşı da mahiyyət etibarilə sülhə töhfə verən bir hadisədir. Çünki 44 günlük müharibədən sonra ermənilərdən fərqli olaraq, Azərbaycan bölgəyə daha qalıcı sülhün gətirilməsi üçün addımlar atmaqdadır. Bunu sülh müqaviləsinin şərtlərinin məhz ölkəmiz tərəfindən hazırlanması da sübut edir.

Bu il COP29-un ölkəmizdə keçirilməsinə də toxunan deputat hesab edir ki, sözügedən tədbir Azərbaycanın sülh çağırışlarına müsbət təsir edə bilər. COP29 zamanı atəşkəs elan olunarsa, bu, Rusiya-Ukrayna müharibəsinin, İsrail-Fələstin qarşıdurmasının və Qəzza bölgəsində törədilən vəhşət və insan qırğınlarının dayandırılması üçün böyük bir fürsət ola bilər.

Zahid Oruc: Əslində Qarabağ savaşı da mahiyyət etibarilə sülhə töhfə verən bir hadisədir

"Nəzərə almaq lazımdır ki, karbon dioksidin yayılmasına səbəb olan, həmçinin yaşıl enerjiyə keçidə mane olan səbəblərdən biri hərbi sənaye kompleksləridir. Belə ki, indiki məqamda hər bir dövlətin qarşısına qoyduğu tələblərdən biri hərbi sənaye kompleksləri ilə bağlıdır. Təəssüf ki, bu gün ölkələrin hərbi xərcləri artmaqdadır. Bu isə bəşəriyyət üçün ciddi çağırışdır. COPS29-un fəlsəfəsi isə yaşıl enerjiyə keçid, təbii sərvətlərin istismarının azaldılması və bəşəriyyətdə sülhün güclənməsidir. Azərbaycan dövləti müharibələrin dayandırılması üçün COPS platformasından unikal bir hadisə kimi yararlanmağa çalışır. Fikrimcə, xalqların da sülhə ehtiyacı var. Ümid edirəm ki, COPS platforması münaqişələrin dayanmasına və sülhün bərqərar olmasına müəyyən mənada təsir edəcək", - deyə Zahid Oruc vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29 dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri hesab olunur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024